İctimai institutlara olan etimad getdikcə zəifləyir - BMT-nin şöbə müdiri

Bərabərsizliklərin genişlənməsi, idarəetmə səmərəsizliyi və sosial-iqtisadi təzyiqlər ictimai institutlara olan etimadı daha da zəiflədib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə cümə axşamı günü BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (UN DESA) Dövlət Qurumları və Rəqəmsal Hökumət Bölməsinin Proqram İdarəetməsi və Potensialın Gücləndirilməsi Şöbəsinin rəhbəri Adriana Alberti “BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) adlı beynəlxalq sammitdə çıxışı zamanı deyib.

O bildirib ki, XX əsrdə dizayn edilmiş institutlar XXI əsrin sürət, miqyas və qarşılıqlı əlaqə çağırışları ilə üz-üzədir.

“Hakimiyyət mərkəzlərinin yerdəyişməsi, davam edən və yaranmaqda olan münaqişələr, institutlara olan etimadı və onların bir neçə qarşılıqlı əlaqəli böhrana qətiyyətlə cavab vermək qabiliyyətini zəiflədir.

Bu, pandemiyalarla mübarizə aparmaq, demoqrafik dəyişiklikləri həll etmək, eləcə də yoxsulluğu aradan qaldırmaq və hər kəs üçün ləyaqəti təşviq etmək üçün güclü kollektiv fəaliyyətə ən çox ehtiyac duyduğumuz bir vaxtda baş verir”,- deyə BMT rəsmisi əlavə edib.

Onun sözlərinə görə, gənclər və qadınlar ictimai institutlarda kifayət qədər təmsil olunmur və əsasən ən nüfuzlu qərarqəbuletmə rollarından kənarda qalırlar.

“Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün yerli idarəetmə orqanlarının və qeyri-dövlət aktorlarının əlaqələndirilmiş fəaliyyətinə ciddi ehtiyac duyulur.

Mütəxəssislərin proqnozlarına görə, əgər cari kurs dəyişməzsə, dünya ictimai etimadın zəiflədiyi parçalanmış bir reallıqla üzləşə bilər”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda “BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) adlı beynəlxalq sammit keçirilir.

2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Hökuməti ilə (BMT) arasında imzalanmış Töhfə Sazişi çərçivəsində reallaşan sammit Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin birgə təşkilatçılığı ilə baş tutur.

Sammitdə BMT-ə üzv ölkələrin nazirləri və yüksək səviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri olmaqla 200-ə yaxın qonaq iştirak edir.