Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bol və təmiz su ehtiyatları bu ərazilərdə ekoloji tarazlıq qorunmaqla dayanıqlı akvakultura klasterlərinin yaradılması üçün imkanlar açır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri cümə axşamı Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunda Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilər dayanıqlı akvakultura klasterlərinin yaradılması üçün prioritet zona hesab olunur.
“Bu ərazilərdə qurulacaq müasir, yüksək texnologiyalı müəssisələr təkcə daxili bazarı deyil, həm də regional ixrac potensialımızı daha da ciddi şəkildə artıra bilər”, – deyə L.Qasımov qeyd edib.
Şöbə müdiri vurğulayıb ki, iqlim dəyişikliyi və su qıtlığı iqlimə dözümlü akvakultura prinsiplərinə keçidi tələb edir. Bu baxımdan təsərrüfatlarda süni intellekt əsaslı monitorinq sistemlərinin tətbiqi ön plana çıxır.
Onun sözlərinə görə, su hövzələrinin temperaturunun, oksigen balansının və biokimyəvi tərkibinin rəqəmsal sensorlar vasitəsilə real vaxt rejimində izlənilməsi məhsuldarlığı artırmaqla yanaşı, ekoloji riskləri əvvəlcədən proqnozlaşdırmağa imkan verəcək.
L.Qasımov bildirib ki, daxili su hövzələrində yerli və endemik balıq növlərinin, xüsusilə Xəzər hövzəsinin qiymətli genofondunun qorunması və bərpası diqqətdə saxlanılmalıdır. Kommersiya məqsədli akvakulturanın inkişafı təbii ekosistemə təzyiqi və vəhşi təbiətdən asılılığı azaltmalıdır.
O qeyd edib ki, Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənmiş kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı sahənin inkişafı üzrə əsas yol xəritəsidir.
“Dövlət Proqramının icrası, balıq ovunun dayanıqlı prinsiplər əsasında təşkili, rəqəmsal nəzarət və izləmə sisteminin tətbiqi, həmçinin balıqartırma fəaliyyətinin gücləndirilməsi su bioresurslarının bərpasına, məhsuldarlığın artmasına və dayanıqlı inkişaf modelinin formalaşdırılmasına xidmət edəcək”, – deyə o əlavə edib.
L.Qasımovun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin yaradılması dövlət tənzimlənməsini və istehsalçılara dəstək mexanizmlərini “vahid pəncərə” prinsipi əsasında cəmləşdirməklə Dövlət Proqramının hədəflərinə çatmağa xidmət edəcək.
O, dayanıqlı akvakultura klasterlərinin regionlarda aqroturizm və ekoturizm üçün də yeni imkanlar yarada biləcəyini vurğulayıb.