"Dil bağı dilin alt hissəsini ağız dibinə birləşdirən toxuma pərdəsinin (frenulumun) qısa, qalın və ya gərgin olmasıdır. Bu vəziyyət tibbdə ankiloqlossiya adlanır. Dil bağı bəzi körpələrdə anadangəlmə olur. Lakin hər dil bağı müdaxilə tələb etmir. Əsas məsələ onun dilin hərəkətinə və funksiyasına təsir edib-etməməsidir".
Bu barədə uzman pediatr Şəbnəm Bağırova sosial media hesabında bildirib.
"Yenidoğulmuşlarda dil bağı bir sıra əlamətlərlə özünü göstərə bilər. Bunlara döşü düzgün qavraya bilməmək, əmmə zamanı tez yorulmaq, uzun müddət əmizdirilməsinə baxmayaraq doymaqda çətinlik çəkmək, əmizdirmə zamanı tez-tez döşdən ayrılmaq, anada məmə ucunda ağrı və zədələnmə, körpənin südü effektiv qəbul edə bilməməsi və çəki artımının zəif olması daxildir.
Uşaq böyüdükcə dilin yuxarı qaldırılmasında, ağızdan çıxarılmasında və bəzi dil hərəkətlərinin yerinə yetirilməsində çətinliklər yarana bilər. Həmçinin ağız gigiyenasının təmin olunmasında və bəzi hallarda nitq səslərinin tələffüzündə problemlər müşahidə edilə bilər".
Həkim əlavə edib ki, dil bağının olması avtomatik olaraq nitq pozuntusu demək deyil:
"Elmi məlumatlara əsasən, dil bağı ilə nitq problemləri arasında birbaşa əlaqə hər uşaqda müşahidə olunmur. Buna görə də hər bir hal fərdi qiymətləndirilməlidir. Valideynlər yenidoğulmuş dövründən etibarən körpənin əmmə və qidalanma prosesini diqqətlə müşahidə etməlidirlər. Əmizdirmə ilə bağlı çətinliklər yarandıqda pediatra və laktasiya mütəxəssisinə müraciət etmək vacibdir. Dilin hərəkətliliyi və funksiyası mütəxəssis tərəfindən qiymətləndirilməli, ehtiyac olduqda uyğun müalicə üsulu müəyyənləşdirilməlidir. Dil bağının kəsilməsi isə frenotomiya adlanan kiçik cərrahi müdaxilə ilə həyata keçirilir. Bu prosedur yalnız dil bağının funksional problem yaratdığı və müvafiq dəstəyə baxmayaraq çətinliklərin davam etdiyi hallarda nəzərdən keçirilir. Sadəcə dil bağının mövcud olması cərrahi müdaxilə üçün kifayət deyil.
Valideynlər körpənin qidalanmasında və dil hərəkətlərində çətinlik müşahidə etdikdə bunu diqqətdən kənarda qoymamalı, vaxtında mütəxəssisə müraciət etməlidirlər. Erkən fərqindəlik və düzgün qiymətləndirmə vacibdir".