Bakının bu həyətində sakinlər rahatlıq tapa bilmir – Əyyaşlar məhəlləni ələ keçirib

Bakının Nizami rayonunda yerləşən İsmayıl Məmmədov küçəsi 7 ünvanında yaşayan sakinlər məhəllədəki acınacaqlı vəziyyətdən narazıdırlar.

Bu barədə sakinlərdən biri, Ağayeva Nəzakət Əkbər qızı BAKU.WS-in "qaynar xətti"nə müraciət edib.

Onun sözlərinə görə, həyətin yolları bərbad vəziyyətdədir, küçələrin asfalt örtüyü dağılıb. Məhəllədəki besedkanın ətrafında isə xoşagəlməz vəziyyət yaranıb.

Sakin iddia edir ki, həmin ərazidə avara həyat tərzi keçirən şəxslər və evsiz insanlar toplaşırlar. Onlar burada spirtli içki qəbul edir, məhəllə sakinlərinə sataşır və onları təhqir edirlər.

Nəzakət Ağayeva bildirib ki, yaranmış vəziyyət sakinlərin, xüsusilə də uşaqların və qadınların rahat hərəkət etməsinə mane olur.

Qeyd olunub ki, sakinlər məsələ ilə bağlı polisə də müraciət ediblər. Lakin onların sözlərinə görə, problem hələ də həllini tapmayıb.

Sakinlər aidiyyəti qurumlardan məhəllədə asayişin təmin olunmasını, ərazinin abadlaşdırılmasını və təhlükəsizliklə bağlı tədbirlər görülməsini xahiş edirlər.

Qalereya