Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 4-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev qanun layihəsi ilə bağlı fikirlərini bölüşüb.
Millət vəkili bildirib: “Hörmətli sədr, qonaqlar, həmkarlar, media nümayəndələri! Hörmətli sədr, öncə hörmətli Sahibə xanıma və Sizə Komitə iclasına partiya təmsilçilərinin dəvət olunmasına görə təşəkkür edirəm. Qarşıdan 8 Noyabr Zəfər bayramı gəlir. Bu tarix müstəqillik əldə etməyimizdən sonra xalqımızın əldə etdiyi ən böyük tarixi nailiyyətdir. Azərbaycan Respublikası Prezidentinin diplomatik müstəvidə sözlə ifadə edilməsi mümkün olmayan uğuru, onun Ali Komandanlığı altında Silahlı Qüvvələrimizin döyüş meydanında göstərdiyi peşəkarlıq və şücaət, müttəfiqlərimizin verdiyi siyasi dəstək sayəsində torpaqlarımızı işğaldan azad etdik, erməni separatizminə son qoyduq, bu gün Qarabağda böyük bərpa-quruculuq işləri ilə məşğuluq. Bütün bunlara görə hamınızı təbrik edir, hökumət üzvlərinə təşəkkürümü bildirirəm.
Büdcə zərfinə daxil edilmiş sənədlərlə tanışlıq onu göstərir ki, gələn il büdcə gəlirlərində və xərclərində artım 1.7 % olacaq. 2027-ci ildə 10 milyon 279 min əhalisi olan ölkəmizdə ÜDM-in həcmi 2.7% artaraq 141 milyard manata və ya 83 milyard dollara çatacaq, adambaşına düşən ÜDM 8 min dollara çatacaq. Bu göstəriciyə görə biz Cənubi Qafqazda sonuncu yerdəyik. İqtisadiyyatın artım tempinin azlığı hamımızı narahat etməlidir. Beynəlxalq böhranların, dünya iqtisadiyyatının artım tempindəki yavaşılamanın bizim iqtisadiyyata mənfi təsiri barədə deyilənləri qəbul etmirəm. Əksinə, ixracatımızın 90 %-ni təşkil edən neft məhsullarının qiyməti artıb və biz beynəlxalq yükdaşımalarından daha çox pul qazanmağa başalamışıq. Dünən ölkə Prezidenti Bolqarıstanın yeni seçilmiş prezidenti İliyana Yotovanı prezident seçilməsi ilə bağlı təbrik etdi. Avropa İttifaqının ən kasıb ölkəsi, 6.4 milyon əhalisi olan Bolqarıstanda ÜDM 131 milyard ABŞ dolları, adambaşına düşən ÜDM isə 20399 ABŞ dollarıdır.
2027-ci il büdcə xərclərində artım 1.7 % proqnozlaşdırılsa da, gözlənilən 5.7% inflyasiya və ərzaq məhsullarının qiymətindəki 6.9 %-lik artım, əhalinin gəlirlərinin 3.5 %-lik artım tempi qarşılığında sosial müdafiə və sosial təminat xərclərində artım 0.8% olacaq ki, bu, əhalinin, xüsusilə aztəminatlı təbəqənin sosial vəziyyətinin pisləşməsinə yol açacaq.
Mən hörmətli hökumət üzvlərinin diqqətinə bir məsələni çatdırmaq istəyirəm. 2025-ci ildə banklar əhaliyə satdıqlarından 318 milyon dollar çox dollar alıblar, 2026-cı ilin yanvar-sentyabr aylarında isə əhalidən alınan dolların məbləği satılandan 619.7 milyon dollar çox olub. Bu daha çox idxalın azalması ilə əlaqəlidir. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2026-cı ildə ərzaq məhsullarının idxalında 10 %-lik artım olsa da, ümumən idxal 20.4 % azalıb. Buna baxmayaraq gələn ilin büdcəsində Gömrük komitəsindən daxilolmaların həcmi 3 milyon manat artıq (6 milyarda 865 milyon manat) proqnozlaşdırılır. Bu kiçik və orta sahibkarlar üçün əlavə çətinliklər yaratmayacaq ki? Eyni zamanda tikinti sektorundakı 8.7%- lik azalma, yeni müəssisələrin yaradılmaması, dollarla maliyyələşən layihələrin azalması, sahibkarlıq fəallığının zəifləməsi, investisiya aktivliyinin azalması, əhalinin avtomobillərə (say etibari ilə idxal 32.8%, keçən illə müqayisədə 1.6 milyard dollardan 1.1 milyard dollara qədər azalıb), elektronikaya, bahalı istehlak mallarına tələbatının zəifləməsi bunun əsas səbəblərindəndir. Həm də əhali ehtiyat saxladığı xarici valyutanı satmağa başlayıb.
2026-cı ildə ümumi əsas kapital investisiyaları 10.9 % artsa da, qeyri-neft sektorunda artım 3.1% olub. BVF 2026-cı il üzrə hesabatında qeyri-neft sektorunda artımın zəifləməsi investisiyaların azalması, biznes etimadının zəifləməsi ilə əlaqələndirilib.
Biz biznes kreditlərinin tərkibinə də diqqət yetirməliyik. 2026-cı ilin sentyabrına qədər biznes kreditləri portfeli 17.82 milyard manat olub, ötən illə müqayisədə artım 18.1 % olub. İri biznesdə illik kredit artımı 23%, mikro biznes 19.7%, kiçik biznes 13.3%, orta biznes üçün 4.6% olub. Orta sahibkarlığın daha aşağı səviyyədə kreditlə təminatı bankların orta biznesə münasibətdə riskləri yüksək qiymətləndirməsi, kreditin qiymətinin gözlənilən mənfəətdən yüksək olması, şəffaf dövriyyənin olmaması, kreditlərin iri biznesə doğru təmərküzləşməsi ilə bağlıdı”.
Millət vəkili əlavə edib: “Gələn il büdcə gəlirlərinin 33.2 %-ni Dövlət Neft Fondundan transfert təşkil edəcək. Bir müqayisə edim, Norveç pensiya (neft) Fondunun aktivləri 2.29 trilyon dollar təşkil edir. Onun illik gəlirliliyi 15.1 %-dir. Bizim Neft Fondunda 74 milyard dollarımız var, illik gəlirliliyi 6.2 %-dir. Bu qədər fərqi nə ilə izah etmək olar? Axı, az vəsaiti idarə etmək daha asandır. Hökumət üzvləri bu barədə də düşünməlidirlər.
Vaxtın azlığını nəzərə alaraq, hesab edirəm qeyd etdiklərim yetərlidir ki, hər birimiz iqtisadi islahatların genişləndirilməsinin,biznes fəliyyətinə kənar müdaxilələrin qarşısının alınmasının, rəqabət mühitinin gücləndirilməsinin, böyük özəlləşdirilməyə gedilməsinin, şəffaflığın artırılmasının zəruriliyini qəbul edək.
Sonda diplomatların xahişini nəzərə alaraq, onların fəaliyyətlərini başa vurub vətənə geri dönərkən gətirdikləri avtomobilin qiymətinə qoyulan 35000 dollarlıq məhdudiyyət aradan qaldlrılmalıdır. Ən azı onların xaricdə olarkən qazandıqları vəsatin 50% məbləğində avtomobil alıb gətirərkən vergidən azad olunmalarına icazə verilməlidir. Bu onlar üçün əlavə stimul olar. Bundan başqa ölkədə siyasi plüralizmin gücləndirilməsi üçün partiyalara ayrılan vəsait artırılmalı, yaxud ayrılan vəsaitin bölgüsündə dəyişiklik edilməlidir. Aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı elm işçilərinin maaşı artırılmalıdır. Elmi xərclərin 28.4 milyon manat artırılaraq 257.9 milyon manata çatdırılması yetərli deyil.
Diqqətinizə görə təşəkkür edirəm!”.