AMQF-də “Azərbaycançılıq: milli birlik və həmrəylik düsturu” mövzusunda ictimai müzakirə keçirilib - FOTO

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) təşkilatçılığı ilə “Azərbaycançılıq: milli birlik və həmrəylik düsturu” mövzusunda ictimai müzakirə keçirilib.

Tədbirdə millət vəkilləri, dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və alimlər iştirak ediblər.

Müzakirədə çıxış edən AMQF İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, azərbaycançılıq ideologiyası milli birliyin və müstəqil dövlətçiliyin əsas dayağıdır. O vurğulayıb ki, Azərbaycan heç bir dövlətin forpostuna çevrilməyən, öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdən suveren dövlətdir: "Qlobal geosiyasi təzyiqlər, xarici ideoloji təsirlər, dezinformasiya və hibrid təhdidlər fonunda milli birliyin möhkəmləndirilməsi, cəmiyyətin dayanıqlığının artırılması və dövlətçilik dəyərlərinin müdafiəsi QHT-lərin mühüm vəzifələrindəndir".

Millət vəkili, AMQF İdarə Heyətinin üzvü Azər Allahverənov Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsini dövlət siyasəti səviyyəsinə yüksəltməsindən, milli-mənəvi irsin dirçəldilməsi və dünya azərbaycanlılarının təşkilatlanmasındakı xidmətlərindən danışıb. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ideologiya yeni inkişaf mərhələsinə yüksəlib, tarixi Zəfər isə milli birlik və vətəndaş həmrəyliyini daha da möhkəmləndirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktor müavini, dosent Elnur Mustafayev bildirib ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatlarında qazanılan Zəfərin arxasında “Dəmir yumruq” kimi birləşmiş xalqın həmrəyliyi dayanır.

Müzakirələrdə azərbaycançılıq ideologiyasının yalnız tarixi və mənəvi dəyər kimi deyil, müasir geosiyasi və informasiya çağırışları şəraitində milli birliyin, dövlət suverenliyinin və ictimai dayanıqlığın qorunmasında mühüm amil olduğu önə çəkilib.

Tədbirin sonunda QHT rəhbərləri və ekspertlər fikir mübadiləsi aparıb, yeni təşəbbüslərlə bağlı təkliflər irəli sürüblər. Səsləndirilən rəy və təkliflər ümumiləşdirilib.