Gözlənilən baş verdi. Trampın ikinci dəfə prezidentlik səlahiyyətlərini icra etdiyi gündən başlatdığı yanlış siyasət nəticəsini verdi- aralıq seçkilərində respublikaçılar partiyası indiyədək rast gəlmədiyi ağır məğlubiyyətə uğradı. Seçkidən sonra onun “bülletendə adım olsaydı mən qalib gələrdim”fikri də siyasəti kimi yanlış və yalandır. Ağır məğlubiyyətinə verdiyi qiymət bir daha bu şəxsin nə qədər özünəvurğun biri olduğunu və bu xarakterini siyasətə tətbiq etdiyini aydın göstərir. Yəqin heç kəs xəyalından belə keçirməzdi ki, nə vaxtsa ABŞ-da avtoritar idarəetmə olacaq. Trampın ikinci prezidentlik dövründə sanki demokratiya simvolu Azadlıq heykəlinin başına qara torba keçirilmişdi və heç bir işığı görünmürdü.
Tramp iki il ərzində ənənəvi ABŞ siyasətinin, ümumiyyətlə nizamı pozulmuş dünyanın altını üstünə çevirməyi bacardı: Rusiyanın tərəfini tutub Ukraynanın daha çox vurulmasına şərait yaratdı, İranda müharibəyə başlayıb bitirə bilmədi və ABŞ-nin strateji nüfuzuna ciddi zərbə vurdu, rüsum müharibəsi ilə ABŞ-nin özündə də qlobal böhran yaratdı. Ümumiyyətlə, Trampın daxili və xarici siyasətindəki səhvləri sadalamaqla bitirmək olmur. Qrenlandiya, Kanada haqqında dedikləri, Alyaskada görüş, körfəz ölkələrinin təhlükəsizliyini bacarmaması, jurnalistləri təhqir etməsi, Epşteyn əxlaqsızlığı, oğlunun toy xərcinin Rusiya milyarderi tərəfindən ödənilməsi və sairə, və sairə yaramaz hərəkətlərinin bədəlini indi onun partiyası ödəyir. Bu dərs olacaqmı? Çətin. Seçkilərin nəticələrindən sonra Trampın səhvlərini etiraf etməsi ehtimalı azdır, çünki o, peşmançılıq hissindən uzaq birisidir və peşman olmağa da həvəsli deyil. Ona bələd olan siyasətçilərin, siyasi şərhçilərin fikrincə, seçkilərdən sonra Tramp “başqalarına qarşı ittihamlarını daha da artıra və dünyanı sabitsizləşdirmək səylərini ikiqat artıra bilər”. Dünyanın aparıcı nəşrlərinin də yazdığına görə Tramp daha çox əhəmiyyətsiz sülh müqavilələri bağlamağa və ya Kim Çen In, Putin və ya Si Cinpin kimi diktatorlarla görüşlər keçirməyə can ata bilər. Tramp həmçinin İranla müharibəni şiddətləndirə və ya yeni münaqişələrə səbəb ola bilər.
Respublikaçılar partiyası məhz Tramp siyasətinin qurbanı oldu. Nə daxili, nə də xarici siyasətində (xüsusilə xarici siyasətdə) uğur qazanmayan ABŞ prezidentinin məğlubiyyəti təbii, eyni zamanda sevinclə qarşılanır. Antidemokratik xarakterli Trampın işğalçı Rusiya prezidenti Putinə dəstək verməsi, demokratik Ukraynanı və onun prezidenti Zelenskini hədəfə alması sonunda bu məğlubiyyəti qaçılmaz etdi. Tramp uğursuzluğunun başlanğıcı məhz yanlış Ukrayna siyasətindən qaynaqlanır. Düzgün hesablanmayan İran müharibəsi, dostu Putinin İrana yardımını görməzdən gəlməsi Trampın bundan sonrakı prezidentlik dönəmini ( əgər impiçmentlə daha tez yola salınmasa) heç də asan etməyəcək. Məsələ burasındadır ki, Tramp bu məğlubiyyətdən nəticə çıxarası deyil. Əksinə, özünü haqlı göstərmək üçün İrana, Ukraynaya, Avropaya, NATO-ya olan siyasətini daha da sərtləşdirəcək və təsadüfən kiçik bir uğura nail olsa, onu şişirdib özünü tərifləməyə başlayacaq. Necə ki, hansı müharibələri dayandırdığı məlum olmasa da, 8 müaribəyə son verdiyini hələ də danışır və Nobel sülh mükafatının ona verilmədiyini haqsızlıq hesab edir. Trampın bundan sonra apardığı yanlış siyasəti daha qəzəblə davam etdirəcəyindən Avropa ehtiyat edir. Hakimiyyətdə olub sözü keçməyən “axsaq ördək” titulundan “qəzəbli ördək” statusuna keçid edəcəyi əlavə narahatlıq yaradır.
Xarici siyasətində yenilik etməyə hazırlaşan Tramp Ukrayna müharibəsinə xanımı Melonini də cəlb edib. Onun vasitəçiliyi ilə Ağ Evdə üçlü görüş təşkil etməyi planlaşdırır. Ukrayna müharibəsinin taleyini dövlət katibi Rubio, vitse prezident Vens, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Retkliff yox, dost Uitkof, kürəkən Kuşner, ev xanımı Meloni həll edir. Putin də bundan istifadə edib bütün qışı Ukraynanı ballistik raketlərlə vurub tükəndirməyi fürsət biləcək. Rusiya Trampın diqqətinin daha çox İrana yönələcəyindən sui-istifadə edib TRİPP layihəsinə mane olmaq məqsədilə Ermənistana təzyiqi artıracaq və hələ də Güney Qafqazı təsir altında saxlamağa çalışacaq. Seçkilərin nəticəsi Azərbaycana birbaşa təsir etməsə də, regional güclər – Rusiya, İran Azərbaycana təsir imkanlarını artırmağa cəhd edəcəklər. Bu mənada Türkiyə ilə münasibətlərin tez bir zamanda normal məcraya düşməsi zəruridir.
Qarşıda ABŞ Konqresi ilə prezident Tramp arasında qarşılıqlı “veto” atışması prosesinin şahidi ola bilərik. Nəticədə vəziyyət o həddə çata bilər ki, Trampa qarşı impiçment proseduru tətbiq edilə bilər. Tramp bu məğlubiyyətdən sonra siyasətində korrektələr edəcək, amma bu köklü dəyişikliklər şəklində baş verməyəcək.