Taleh Kazımov: "Valyuta bazarında təklifin tələbi üstələməsinin iqtisadi aktivliklə əlaqəsi yoxdur"

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarında təklifin tələbi əhəmiyyətli dərəcədə üstələməsini iqtisadi aktivliyin artması ilə əlaqələndirmir.

Bunu AMB-nin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2027-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, valyuta bazarında təklifin tələbi əhəmiyyətli dərəcədə üstələməsinin iqtisadi aktivliklə bağlı olub-olmaması bir neçə istiqamətdə təhlil edilir və AMB bu fikirlə razılaşmır.

T. Kazımov bildirib ki, valyuta bazarındakı vəziyyətin qiymətləndirilməsi zamanı nağd və nağdsız əməliyyatlar ayrıca təhlil edilir. Onun sözlərinə görə, nağd valyuta bazarında təklif tələbi 3 dəfə üstələyir və burada əsasən fiziki şəxslərin valyuta satışları nəzərdə tutulur.

Nağdsız əməliyyatlarda, xüsusilə bank hesabları üzrə valyuta əməliyyatlarında da oxşar tendensiya müşahidə olunur. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə tələb cəmi 3 % azalıb, təklif, yəni müştərilərin valyuta satışı isə 44 % artıb.

"Başqa sözlə, həm biznes subyektləri, həm də vətəndaşlar daha çox valyuta satırlar, nəinki alırlar. Ona görə də bu vəziyyəti birbaşa iqtisadi artımla əlaqələndirmək istəməzdim", - o qeyd edib.

AMB sədri valyuta bazarındakı proseslərlə yanaşı, ixrac göstəricilərinə də toxunaraq bildirib ki, ticarət balansından qızılın həm idxal, həm də ixrac göstəriciləri çıxıldıqda artım müşahidə olunur. Belə ki, 9 ayın nəticələrinə əsasən, qeyri-neft ixracında 3,4-3,5 % artım qeydə alınıb. İxrac göstəricilərinə daha detallı baxdıqda isə qızıl statistikadan çıxarıldıqda qeyri-neft ixracı 20 %, ümumi ixrac isə 9,6 % artıb.

Xarici valyutada olan kredit portfelinin artımını da şərh edən T. Kazımov bildirib ki, Mərkəzi Bankın prudensial tələblərinə əsasən, valyuta kreditləri yalnız hedcinq olunmuş kreditlərə və ya ixrac fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlara və biznes subyektlərinə verilə bilər.

"2026-cı ilin ötən dövründə xarici valyutada olan kredit portfeli artıb. Biz bunu normal qiymətləndiririk. Çünki artımın əsas hissəsi ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin hesabına baş verib", - o vurğulayıb.