Read Qasımov: "Bakının potensialına uyğun investisiya istiqamətləri müəyyənləşdirilməlidir"

Bakının potensialı çox böyük olsa da investorların və daşınmaz əmlak bazarındakı investisiyaların düzgün istiqamətə yönəldiyinə əmin olmaq lazımdır.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov Bakıda keçirilən beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi "AIREX 2026" çərçivəsində panel müzakirələrdə deyib.

"Biz buraya çoxlu investor gətirə bilərik, lakin əgər biz onlara uğurlu nümunələr və inkişaf etdirə biləcəkləri düzgün yerlər göstərməsək, onlar burada qalmaq üçün kifayət qədər potensial görməyəcəklər. Ən vacib məsələ budur. Bundan əlavə, burada ən mühüm məqam Bakı sakinlərinin rahat yaşayışı olacaq. Yaradılmış bütün ərazilər və alt mərkəzlərdə prioritet odur ki, sakinlər xoşbəxt olsunlar və ətraflarında hər şey əlçatan olsun. Onların yaşayış yerlərindən şəhərin mərkəzinə və geri gündəlik miqrasiya ehtiyacı olmamalıdır, çünki bu, nəqliyyat sistemi üçün çətin, artan gərginlik yaradır. Buna görə də, hesab edirəm ki, düzgün yerlərdə düzgün investisiyalar və düzgün şəhərsalma layihələri hazırda əsas məsələdir. Bu polisentrik yanaşma, şəhərin düzgün istiqamətdə inkişaf etməsini təmin edəcək bir şeydir. Layihələr düzgün yerdə və düzgün vaxtda olmalıdır, çünki biz daşınmaz əmlak bazarını həddən artıq qızdırmaq istəmirik", - o qeyd edib.

R.Qasımov qeyd edib ki, iqtisadi artım şəhərin böyüməsini tamamlamalıdır: "Bu hissələrdən biri tarazlaşdırılmamış olarsa, çoxlu problemlərlə üzləşəcəyik, lakin düşünmürəm ki, burada belə olacaq. Biz başa düşməliyik ki, şəhərin böyüməsi şəhərin inkişafı ilə uzlaşmalıdır. Bu elementlər bir-birini əvəz etməməli, əksinə, bir-birini dəstəkləməlidir. Heç bir real iqtisadi irəliləyiş olmadan milyonlarla bina və tikinti layihəmiz ola bilər".