Azərbaycanda 2026-cı ilin ilk doqquz ayında dərman istehsalının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 92,8% artaraq 21,7 milyon manata çatıb.
Banker.az Dövlət Statistika Komitəsindən (DSK) əldə etdiyi məlumatlara əsasən xəbər verir ki, 2025-ci ilin yanvar–sentyabr aylarında ölkədə 11 milyon 268 min manat dəyərində dərman istehsal edildiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 21 milyon 720 min manat təşkil edib.
Beləliklə, bir il ərzində dərman istehsalının dəyəri 10 milyon 452 min manat artıb.
Qeyd edək ki, son illərdə Azərbaycanda dərman sənayesinə investisiyalar yatırılıb və yeni istehsal müəssisələri fəaliyyətə başlayıb. Bunlara “Scandens Pharmaceutical Industries Ltd” MMC, “Gen Pharma Caucasus Manufacturing Operations” MMC və “Diamed Development Group” MMC daxildir.
Bu kimi müəssisələrin fəaliyyətə başlaması ölkənin dərman istehsalı potensialının genişlənməsinə şərait yaradır.