AQC-də “Qiymətləndirici könüllülər”in təşkili ilə bağlı qərar qəbul olunub

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc Birlik Könüllü Hərəkatının (BKH) könüllüləri ilə görüşüb.

Görüşdə könüllülük fəaliyyətinin əhəmiyyəti, gənclərin peşəkar inkişafı və onların qiymətləndirmə sektoruna cəlb olunması məsələləri müzakirə edilib. Vüqar Oruc çıxışında AQC tərəfindən “Qiymətləndirici könüllülər” təşəbbüsünün yaradılmasının nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, əsas məqsəd gənclərin qiymətləndirmə sahəsinə marağını artırmaq, onları sektorun fəaliyyəti ilə tanış etmək və gələcəkdə bu istiqamətdə peşəkar kadrların yetişməsinə töhfə verməkdir.

AQC sədri qeyd edib ki, qiymətləndirmə sektoru iqtisadiyyat, sahibkarlıq, bank-maliyyə sistemi və daşınmaz əmlak bazarı üçün mühüm əhəmiyyət kəsb edir. Bu sahənin inkişafı üçün gənclərin maarifləndirilməsi və onların peşəkar fəaliyyətə hazırlanması vacibdir. Könüllülərin AQC-nin tədbirlərində iştirakı onlara qiymətləndirmə fəaliyyəti, peşəkar mühit və sektorun iş prinsipləri ilə yaxından tanış olmaq imkanı yaradır.

Vüqar Oruc gənclərlə söhbətində komanda işi, təşəbbüskarlıq, məsuliyyət, ünsiyyət və təşkilatçılıq bacarıqlarının gələcək karyera üçün əhəmiyyətinə də toxunub. O bildirib ki, könüllülük fəaliyyəti gənclərin həm şəxsi inkişafına, həm də əmək bazarında ilkin təcrübə qazanmasına şərait yaradır.

Görüşün sonunda AQC-nin təşkil etdiyi tədbirlərdə könüllü kimi fəal iştirak etmiş gənclərə təşəkkürnamələr təqdim olunub.