Zaman maşını ilə keçmişə qayıtmaq ideyası hələ də fizikanın ən böyük suallarından biri olaraq qalır. Çinli alim yeni araşdırmasında müəyyən fəza-zaman modellərində belə səyahətin mümkünsüzlüyünü göstərən riyazi meyar irəli sürüb.
"ScienceAlert" portalına istinadən, Jinan Universitetinin fiziki Honqşenq Çjan işığın yayılmasını təsvir edən sıfırıncı eikonal tənliyindən istifadə edərək qapalı zaman əyrilərinin bəzi fəza-zaman modellərində yarana bilməyəcəyini nümayiş etdirib.
Qapalı zaman əyrisi nəzəri olaraq insanın zaman daxilində irəliləyərək keçmişdə baş vermiş hadisəyə qayıtmasına imkan verən hipotetik trayektoriyadır.
Alimin yanaşmasına görə, müəyyən riyazi kəmiyyət mümkün trayektoriya boyunca davamlı olaraq artır. Buna görə də həmin kəmiyyət ilkin qiymətinə qayıda bilmir və qapalı zaman dövrəsinin yaranması istisna olunur.
Lakin bu nəticə keçmişə səyahətin bütün hallarda mümkünsüzlüyünü sübut etmir. Araşdırma yalnız müəyyən fəza-zaman modellərinə aiddir. Fırlanan qara dəliklərin yaratdığı güclü fəza-zaman əyriliyi və kainatın qeyri-adi topologiyası kimi amillər isə fərqli nəticələrə səbəb ola bilər.
Tədqiqat zaman səyahətinin reallıqda mümkün olub-olmadığına qəti cavab vermir. Bu məsələ hələ də açıq elmi sual olaraq qalır.