Palata sədri gələn ilin büdcəsindən danışdı, rəqəmlər açıqladı

2027-ci il üçün Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 6 868,0 mln. manat nəzərdə tutulub.

Ölkə.az-ın xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2027-ci il dövlət büdcəsinin müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, 2027-ci il üçün idxal həcminin 32,2 mlrd. manata yüksələcəyi, bu sahədə güzəşt və azadolmaların tətbiq edilməsinin daxilolmalara azaldıcı təsir edəcəyi şəraitdə növbəti il üçün Dövlət Gömrük Komitəsi xətti ilə təmin edilməli gəlirlərin idxal həcminə nisbəti əvvəlki ilin faktiki göstəricisi ilə müqayisədə 0,6 faiz bəndi yuxarı, cari ilin proqnozu ilə müqayisədə 0,3 faiz bəndi aşağı proqnozlaşdırılıb:

"Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinin gəlirləri 2025-ci ildə 3,5% kəsirlə, 2026-cı ilin 9 ayında 6 862,0 mln. manat illik proqnoza qarşı 72,5% səviyyəsində icra edilib.

Eyni zamanda, bildirmək istəyirəm ki, növbəti ildə gömrük inzibatçılığının əsas göstəricilərindən olan yığımın inzibati xərci - başqa sözlə, hər 100 manat daxilolma üçün 3,73 manat xərc çəkilməsi gözlənilir ki, bu da beynəlxalq qiymətləndirmələrdə orta-effektiv hesab olunur.

Gömrük inzibatçılığı sahəsində aparılan davamlı islahatlarla gömrük ödənişlərinin yığılması sistemində şəffaflığın əhəmiyyətli dərəcədə genişləndirilməsi günümüzün reallıqlarındandır".

Sədr bildirib ki, gömrük orqanları xətti ilə güzəşt və azadolmaların illik məbləği 3,0 mlrd. manat civarında olmaqla artım meyilləri ilə proqnozlaşdırılmaqdadır.

"Bu mövzuda daha bir məsələni qeyd etmək istərdim. Qanun layihəsində gömrük rüsumlarının məbləği 1 867,0 mln. manat göstərilib. Lakin bu məbləğin 30,0 mln. manatı gömrük rüsumları üzrə deyil, gömrük yığımları üzrə proqnozlaşdırılıb. Hesab edirik ki, bu məsələ üzrə bu və ya növbəti büdcə layihəsində dəyişikliklər edilə bilər" - deyə Palata sədri əlavə edib.