Bakıda daşınmaz əmlak və investisiyalar üzrə ilk beynəlxalq sərgi - "AİREX 2026" keçirilir (FOTO)

Bakıda Azərbaycanda daşınmaz əmlak və investisiyalar sahəsində ilk ixtisaslaşmış beynəlxalq sərgi – "AIREX 2026" sərgisi keçirilir.

Trend-in müxbirinin verdiyi məlumata görə, noyabrın 4-dən 6-dək davam edəcək sərgidə Avropa və Asiyanın müxtəlif ölkələrini təmsil edən 70-dən çox yerli və xarici şirkət iştirak edir.

Sərgini təxminən 20 min nəfərin ziyarət edəcəyi gözlənilir. Tədbir potensial mənzil alıcılarını, investorları, eləcə də daşınmaz əmlak bazarının peşəkar iştirakçılarını bir araya gətirir. Ziyarətçilər yerli və beynəlxalq layihələrlə tanış olmaq, onların xüsusiyyətləri və inkişaf perspektivləri barədə məlumat əldə etmək, həmçinin şirkət nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq imkanı əldə edirlər.

Üç günlük proqram çərçivəsində beş panel müzakirəsinin, şirkət təqdimatlarının və daşınmaz əmlak sektorunda yeni yanaşmalara həsr olunmuş tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Müzakirələrdə Azərbaycanın şəhərsalma inkişafının perspektivləri, yeni tikinti layihələri, brend rezidensiyalar, premium yaşayış kompleksləri, şəhər və rayonların planlaşdırılması, dayanıqlı tikinti, eləcə də maliyyə və texnologiya şirkətlərinin daşınmaz əmlak sektoru ilə əməkdaşlıq imkanları müzakirə olunacaq.

Sərgi "PASHA Property Management" şirkəti tərəfindən təşkil edilib. Şirkətin baş direktoru Tural Əliyev bildirib ki, AIREX 2026 daşınmaz əmlak bazarının müxtəlif iştirakçılarını vahid platformada birləşdirmək, sahənin inkişafına, əməkdaşlığın genişləndirilməsinə və yeni işgüzar əlaqələrin qurulmasına töhfə vermək məqsədi daşıyır.

Şirkətin kommersiya direktoru Riad Salayev isə sərginin ziyarətçilərə yerli və beynəlxalq layihələrin konsepsiyası, infrastrukturu və perspektivləri ilə daha yaxından tanış olmaq, bazarın peşəkar iştirakçılarına isə təcrübə mübadiləsi aparmaq və əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı yaradacağını vurğulayıb.

"AIREX 2026" sərgisinin sponsorları "PASHA Real Estate Group", "Baku City Residences", "Sea Breeze", "PMD Group", "Bakı Ağ Şəhər" və ABB-dir. Sərgi "Times Consulting" şirkətinin strateji tərəfdaşlığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə keçirilir.