Azərbaycan və Özbəkistan arasında pensiya sazişi: Vətəndaşları nə gözləyir?

“Azərbaycanla Özbəkistan arasında Əbədi dostluq haqqında sazişin parlament səviyyəsində ratifikasiya olunması, eləcə də iki ölkə arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi ilə bağlı qanun layihəsinin qəbul olunması Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələyə yüksəlməsinə xidmət edən mühüm addımlardır.

Bu sənəd, ilk növbədə, hər iki ölkədə əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların sosial təminatı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycanda və Özbəkistanda çalışan, sahibkarlıq və digər iqtisadi fəaliyyət sahələrində iştirak edən kifayət qədər vətəndaş var. Gələcəkdə qarşılıqlı əmək miqrasiyasının daha da genişlənməsi də gözləniləndir”.

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov açıqlamasında səsləndirib:

“Lakin indiyədək başqa ölkədə əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların gələcək pensiya təminatı ilə bağlı müəyyən suallar və hüquqi məsələlər mövcud idi. Məsələn, Özbəkistanda çalışan Azərbaycan vətəndaşının həmin ölkədəki əmək fəaliyyətinin pensiya hüquqlarının formalaşmasında necə nəzərə alınacağı, yaxud Azərbaycanda işləyən Özbəkistan vətəndaşının pensiya təminatının hansı qaydada həyata keçiriləcəyi mühüm məsələlərdən biri idi.

Yeni saziş məhz bu məsələlərin hüquqi müstəvidə tənzimlənməsinə, hər iki ölkədə əmək fəaliyyəti göstərən vətəndaşların pensiya hüquqlarının qorunmasına imkan yaradacaq. Beləliklə, vətəndaşlar hansı ölkədə əmək fəaliyyəti ilə məşğul olmalarından asılı olmayaraq, sazişdə nəzərdə tutulan şərtlər və mexanizmlər çərçivəsində pensiya hüquqlarından istifadə edə biləcəklər. Xüsusilə, əmək stajının və pensiya hüquqlarının hesablanması ilə bağlı məsələlərin qarşılıqlı şəkildə tənzimlənməsi vətəndaşlar üçün mühüm praktiki əhəmiyyət daşıyır”.

Deputat hesab edir ki, bu, kifayət qədər vacib və sosial əhəmiyyətli bir sənəddir.

“Çünki söhbət yalnız iki ölkə arasında münasibətlərin inkişafından deyil, eyni zamanda, vətəndaşların sosial hüquqlarının qorunmasından, gələcək pensiya təminatına dair hüquqi təminatların genişləndirilməsindən gedir.

Digər tərəfdən, bu saziş Azərbaycanın sosial müdafiə sisteminin beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirir. Təbii ki, pensiya öhdəliklərinin icrası sazişdə müəyyən edilmiş qaydalar və hər bir ölkənin milli qanunvericiliyi əsasında həyata keçiriləcək. Bu baxımdan, sazişin dövlət büdcəsinə əlavə yük yaratmasından daha çox, pensiya hüquqlarının qarşılıqlı tanınması və sosial öhdəliklərin hüquqi çərçivədə tənzimlənməsi baxımından əhəmiyyəti ön plana çıxır.

Ümumilikdə, Azərbaycan və Özbəkistan arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi, əmək miqrasiyasının hüquqi təminatının yaxşılaşdırılması və iki ölkə arasında strateji tərəfdaşlığın sosial sahədə də dərinləşdirilməsi baxımından mühüm addımdır”.// Konkret.az