ABŞ-də noyabrın 3-də keçirilən aralıq seçkilərdə Demokratlar Partiyası həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluğu əldə edib.
Sfera.az bildirir ki, “Reuters”in məlumatına görə, demokratlar ənənəvi olaraq respublikaçıların üstünlük təşkil etdiyi bir sıra ştatlarda da qələbə qazanıblar.
Seçkilərin nəticələri prezident Donald Trampın iqtisadi siyasətinə və İranla müharibə qərarına qarşı seçicilərin narazılığını üzə çıxarıb. Fevral ayında başlayan müharibə yanacağın qiymətinin kəskin artmasına səbəb olub. Seçki kampaniyası dövründə aparılan sorğularda amerikalılar yaşayış xərclərinin artmasından narahat olduqlarını və Trampın bu məsələdəki siyasətindən narazılıqlarını ifadə ediblər.
Demokratlar Kanzas ştatında da tarixi nəticəyə imza atıblar. Meqakilsə keşişi Adam Hamilton Böyük Depressiyadan, yəni təxminən bir əsr əvvəlki dövrdən bəri ştatda Senata seçilən ilk demokrat olub.
Ohayo ştatında demokrat Sherrod Brown vitse-prezident Cey Di Vensin iki il əvvəl tutduğu mandatı geri qaytarıb. Texasda isə ştatın demokrat nümayəndəsi Ceyms Talariko Respublikaçıların namizədi, qalmaqallarla gündəmə gələn baş prokuror Ken Pakstona qalib gəlib. Qeyd edək ki, həm Ohayo, həm də Texas 2024-cü il prezident seçkilərində Trampa böyük fərqlə səs vermişdi.
Cənubi Karolinada da demokrat pediatr Enni Endryus Respublikaçı senator Darlin Qremə qalib gəlib. Tramp 2024-cü ildə bu ştatda təxminən 18 faiz bəndi fərqlə qələbə qazanmışdı.
Seçki kampaniyası zamanı Tramp Pakston, Qrem və Ohayodan olan respublikaçı namizəd Con Hyustedə açıq dəstək verib. O, seçicilərini səfərbər etmək üçün ölkə üzrə 20-dən çox mitinq keçirib və tərəfdarlarına dəfələrlə “Elə təsəvvür edin ki, mən də seçki bülletenindəyəm” çağırışını edib.
Lakin seçkilərin nəticələri respublikaçıların Konqresdəki mövqelərini itirdiyini göstərib. Tramp isə seçki gecəsi sosial şəbəkədə paylaşım edərək, özünün namizəd olmadığını, əks halda respublikaçıların böyük fərqlə qalib gələcəyini iddia edib.
Demokratlar Senatda respublikaçılara məxsus altı mandatı geri alaraq çoxluğu təmin ediblər. Nümayəndələr Palatasında da respublikaçıların ən azı səkkiz mandatını qazanıblar. Demokratların uğuru bununla da məhdudlaşmayıb: Texasda qubernator Qreq Ebbott demokrat Cina Hinoxosaya uduzub. Ayova və Ohayo ştatlarında da qubernator seçkilərində demokrat namizədlər qalib gəliblər.
Florida ştatında isə respublikaçı senator Eşli Mudi demokrat Anci Nikson üzərində cəmi üç faiz bəndi fərqlə üstünlük əldə edib. Halbuki Tramp 2024-cü ildə bu ştatda 13 faiz bəndi fərqlə qalib gəlmişdi.
Beləliklə, seçkilərin nəticələri ABŞ-də siyasi qüvvələr nisbətinin dəyişdiyini göstərir. Demokratların Konqresin hər iki palatasında çoxluğu əldə etməsi Tramp administrasiyasının qanunvericilik təşəbbüslərinə təsir imkanlarını məhdudlaşdıra, prezidentin qərarları üzərində Konqres nəzarətini gücləndirə bilər.