Neft qiymətləri 4 həftəlik minimuma yaxınlaşdı – bazar ABŞ və İran danışıqlarına fokuslanıb

Dünya bazarında neft qiymətləri noyabrın 4-də azalmağa davam edərək son dörd həftənin ən aşağı səviyyələrinə yaxınlaşıb. ABŞ və İran arasında mümkün sülh razılaşmasına dair gözləntilər enerji bazarında geosiyasi risk mükafatını azaldır. Bununla belə, ABŞ-də xam neft ehtiyatlarının gözlənilmədən kəskin azalması qiymətlərin daha sürətli enməsini məhdudlaşdıran amillərdən biridir.

Bakı vaxtı ilə saat 08:57-yə olan məlumatına əsasən, Brent markalı neftin fyuçersləri 0,25% ucuzlaşaraq bir barel üçün 103,34 dollara, ABŞ-nin WTI markalı nefti isə 0,55% azalaraq 95,56 dollara düşüb. Noyabrın 3-də Brent 103,60 dollarla oktyabrın 7-dən, WTI isə 96,09 dollarla oktyabrın 14-dən bəri ən aşağı bağlanış səviyyəsini qeydə almışdı.

Bloomberg agentliyinin məlumatına görə, noyabrın 3-də Brent neftinin qiyməti gün ərzində 6 dollardan çox diapazonda dəyişib. ABŞ və İran arasında danışıqlarda irəliləyiş olduğu barədə təsdiqlənməmiş məlumatlar qiymətləri aşağı salıb. Lakin Tehran Vaşinqtonun təkliflərə cavabını qənaətbəxş hesab etmədiyini açıqladıqdan sonra bazarda itkilərin bir hissəsi bərpa olunub.

Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında yeni təkliflər müzakirə olunur. Bununla belə, İran rəsmiləri yekun razılaşmadan hələ uzaq olduqlarını bildirirlər. ABŞ-nin İranın Qeşm adasındakı hərbi obyektlərə məhdud zərbələri də vəziyyətin kövrəkliyini göstərir. Prezident Donald Tramp isə hazırda İrana qarşı yeni genişmiqyaslı hücum planlaşdırmadığını bildirib.

Bazarda təklifi dəstəkləyən amillər də güclənir. Bloomberg-in məlumatına görə, Səudiyyə Ərəbistanı, BƏƏ, İraq və Küveytdən neft ixracı oktyabrda 10% artaraq gündəlik 15 milyon bareli keçib. Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” isə Hörmüz boğazından yan keçən neft kəmərinin ötürücülük qabiliyyətini artırmağa çalışır. Bu, regiondan tədarükün davamlılığı baxımından mühüm hesab olunur.

Digər tərəfdən, Amerika Neft İnstitutunun (API) ilkin məlumatlarına əsasən, oktyabrın 30-da başa çatan həftədə ABŞ-nin xam neft ehtiyatları 5,27 milyon barel azalıb. Reuters-in sorğusunda analitiklər 880 min barel artım gözləyirdilər. Benzin ehtiyatları 1,43 milyon barel artdığı halda, distillat ehtiyatları 1,19 milyon barel azalıb.

Bazarın növbəti diqqət mərkəzində ABŞ Energetika İnformasiya Administrasiyasının (EIA) noyabrın 4-də Bakı vaxtı ilə saat 19:30-da açıqlayacağı rəsmi ehtiyat statistikası dayanır. Analitiklər hesab edirlər ki, ABŞ–İran danışıqlarında real irəliləyiş neftin ucuzlaşmasını sürətləndirə bilər. Əksinə, hərbi qarşıdurmanın yenidən genişlənməsi qiymətlərə əlavə yüksəliş təzyiqi yarada bilər.