Bu, hamımız üçün böyük oyundur - Dambrauskas

Çempionlar Liqasında olmayan bir çox futbolçu mənim oyunçularımın yerində olmaq istəyərdi. Biz də bu turnirdə olduğumuz üçün xoşbəxtik. Sabah üçün ən hazır və ən yaxşı vəziyyətdə olan 23 futbolçunu seçdiyimizi düşünürəm. Bir-iki oyunçu ilə bağlı qərarı isə bu axşamkı məşqdən sonra verəcəyik.

Teleqraf-a istinadən, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının IV turunda səfərdə Norveçin “Vikinq” klubu ilə keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Litvalı mütəxəssis qarşılaşmaya hazırlıq prosesindən danışıb:

“Belə sıx qrafikdə həmişə xırda zədələr və zərbələr olur. Gələn bazar günü milli komandaların fasiləsindən sonrakı ilk oyunumuzdan 28 gün keçmiş olacaq və həmin müddətdə səkkiz oyun keçirmiş olacağıq. Yəni hər üç-dörd gündən bir meydana çıxırıq. Bununla belə, bu, hamımız üçün böyük oyun və çoxlarının arzusudur.

Ötən cümə çox çətin oyun keçirdik. Çətinlik təkcə oyunun özü ilə bağlı deyil, səfərlər də buna təsir edir. Dünən Norveçə beş saatlıq uçuş etdik. Əvvəlki oyunumuzdan qabaq da həmin matça qatarla altı saat yol getmişdik, sonra geri qayıtmaq üçün də altı saatlıq səfərimiz oldu. Gecə saat dörd radələrində geri çatdıq. Belə olduqda bərpa üçün vaxt çox azalır. Bədən daim yorğun olur və məşq vaxtımız da azalır. Əsas çətinlik futbolçuları mümkün qədər dinc və sağlam saxlamaqdır. Bu, həm tibbi heyətin, həm də məşqçilərin üzərinə düşür. Texniki hazırlığa gəlincə, düşünürəm ki, biz hazırlaşmışıq”.

Dambrauskas süni örtüklü meydançalarda oynamağın qadağan edilməsinin tərəfdarı olmadığını bildirib:

“Bu məsələyə münasibət bildirmək üçün özümü kifayət qədər səlahiyyətli hesab etmirəm. Bildiyim qədər, süni örtüklü meydançaların daha çox zədəyə və ya sağlamlığa zərərə səbəb olduğu sübut edilməyib. Mən Litvadan gəlirəm və orada iqlim şəraitinə görə təbii ot örtüyündə oynamağın nə qədər çətin olduğunu bilirəm. Mövsümə başlayırıq və təxminən aprelin sonuna, mayın əvvəlinə qədər süni örtüklü meydançalarda, bəzən isə qapalı zallarda oynayırıq. İqlim belədir və biz də şəraitə uyğunlaşırıq”.

Qeyd edək ki, “Vikinq” – “Sabah” oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Norveç təmsilçisi turnirdə keçirdiyi üç oyunda cəmi bir xal qazanıb. “Sabah”ın isə aktivində bir qələbə və iki məğlubiyyət nəticəsində üç xal var.