Azərbaycan Maliyyə Nazirliyinin üçillik dövlət istiqrazları üzrə keçirdiyi son hərracda investorların tələbi kəskin azalıb. Noyabrın 3-də Bakı Fond Birjasında keçirilmiş hərracda 200 milyon manatlıq buraxılışın cəmi 34,43 milyon manatlıq hissəsi yerləşdirilib.

1080 günlük (üç il) dövlət istiqrazları üzrə 8 investor tərəfindən ümumi nominal dəyəri 67,16 milyon manat olan 12 sifariş təqdim edilib. Beləliklə, investorların sifarişləri təklif olunan həcmin cəmi 33,6%-ni əhatə edib, faktiki yerləşdirmə isə buraxılışın 17,2%-ni təşkil edib.

İllik kupon dərəcəsi 7% olan istiqrazların ortaçəkili gəlirliliyi 7,25%, ortaçəkili satış qiyməti isə 99,3366 manat olub. Kəsmə gəlirliliyi də 7,25% səviyyəsində müəyyən edilib.

Əvvəlki analoji hərracla müqayisədə tələb 69,9%, yerləşdirmə həcmi isə 35,1% azalıb.

Belə ki, oktyabrın 20-də keçirilən 1080 günlük istiqraz hərracında 53,04 milyon manatlıq yerləşdirmə həyata keçirilmiş, investorlar tərəfindən 222,9 milyon manatlıq sifariş təqdim olunmuşdu. Həmin vaxt 11 investorun iştirak etdiyi hərracda ortaçəkili gəlirlilik 7,242% təşkil etmişdi. Son hərracda gəlirlilik cüzi artaraq 7,25%-ə çatıb.

Daha uzunmüddətli müqayisə də üçillik dövlət istiqrazları üzrə yerləşdirmənin sentyabrın əvvəlindəki səviyyədən xeyli aşağı düşdüyünü göstərir.

Sentyabrın 1-də Maliyyə Nazirliyi 200 milyon manatlıq ilkin buraxılış həcmini artıraraq 345,9 milyon manatlıq istiqraz yerləşdirmişdi. Həmin hərracda sifarişlərin məbləği 499,2 milyon manata, ortaçəkili gəlirlilik isə 6,9784%-ə çatmışdı. Noyabrın 3-də faktiki yerləşdirmə həmin göstəricidən təxminən 10 dəfə az olub.

Oxşar dinamika ikiillik dövlət istiqrazlarında da müşahidə edilir. Sentyabrın 15-də 720 günlük istiqrazlar üzrə 361,76 milyon manatlıq yerləşdirmə və 6,8658% ortaçəkili gəlirlilik qeydə alındığı halda, oktyabrın 27-də yerləşdirmə 49,91 milyon manata enib, gəlirlilik isə 6,9923%-ə yüksəlib.

Maliyyə Nazirliyi 2026-cı ildə borclanmanın müddət strukturunun genişləndirilməsi istiqamətində də addımlar atıb. Mayın 26-da 3600 günlük, təxminən 10 illik dövlət istiqrazları üzrə hərracda 200 milyon manatlıq yerləşdirmə həyata keçirilib. Sifarişlərin həcmi 265,3 milyon manat, ortaçəkili gəlirlilik 6,9993% olub.

Sentyabrda maliyyə naziri Sahil Babayev dövlət borcu portfelinin diversifikasiyasının və istiqrazların ödəmə müddətlərinin uzadılmasının davam etdiriləcəyini açıqlayıb.

Maliyyə Nazirliyinin məlumatına görə, 2026-cı il oktyabrın 1-nə dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi 7,77 milyard manat, onların orta ödəmə müddəti isə 3,64 il təşkil edib. İlin ilk doqquz ayında dövlət istiqrazları üzrə 2,3 milyard manat əsas borc, 397,1 milyon manat isə faiz və diskont ödənişi həyata keçirilib.

Noyabrın 3-də yerləşdirilmiş istiqrazların nominal dəyəri 100 manat, ISIN kodu AZ0201240105, ödəmə tarixi isə 3 noyabr 2029-cu ildir. Hərracın anderrayteri Azərbaycanın investisiya xidmətləri sahəsində fəaliyyət göstərən “PAŞA Kapital” İ.Ş. QSC olub.