Azad olunmuş ərazilərdə 1224 nəfər üçün kiçik təsərrüfatlar yaradılıb

Azad olunmuş ərazilərdə 1224 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya Departmentinin müdiri Elizar Ağayev deyib.

Onun sözlərinə görə, Agentliyin fəaliyyətində əsas prioritet istiqamətlərdən biri azad edilmiş ərazilərə qayıdan vətəndaşların məşğulluğunun təmin olunmasıdır:

"Artıq 12 621 şəxsin məşğulluğu təmin olunub. Onlardan 1224 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb. Özünü məşğulluq proqramının icrası Xocalıda da uğurla davam etdirilir.

Xocalı rayonu üzrə özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin sayı 300 - ə çatıb.

Azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən hazırda daha 642 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. 1538 nəfərin məşğulluğunun təmin olunması istiqamətində iş aparılır". (Report.az)