Alimlər həyatın necə yarandığını hələ də müəyyən edə bilməyiblər

Həyatın mənşəyi ilə bağlı irəli sürülən elmi fərziyyələrin heç biri hələlik inandırıcı görünmür. Alimlər təbiətdə təsadüfi kimyəvi reaksiyalardan molekulların dəqiq və proqramlaşdırılmış fəaliyyətinə keçidin necə baş verdiyini izah edə bilmirlər.

Bu barədə Rusiya Elmlər Akademiyasının Semyonov adına Kimyəvi Fizika Federal Tədqiqat Mərkəzinin fizika-riyaziyyat elmləri doktoru Vladik Avetisov “Gazeta.Ru”ya açıqlamasında bildirib.

Alimin sözlərinə görə, qısa RNT zəncirlərinin təsadüfi kimyəvi reaksiyalar nəticəsində yaranması və öz surətlərini formalaşdırması mümkündür. Lakin həqiqi həyatın yaranması üçün daha mürəkkəb mexanizm tələb olunur.

Avetisov qeyd edib ki, ilk canlı hüceyrənin sələfi hesab edilən protokletə milyonlarla genetik məlumat vahidi lazımdır. Bu isə təsadüfi kimyəvi reaksiyaların imkanlarından on minlərlə dəfə çoxdur. Belə mürəkkəb məlumatların köçürülməsi üçün hüceyrələrdəki fermentlərin fəaliyyətinə bənzər dəqiq mexanizm olmalıdır.

Tədqiqatçı əsas problemlərdən birinin genetik məlumatın surətinin çıxarılması zamanı yaranan səhvlər olduğunu vurğulayıb. Onun fikrincə, məlumat zənciri uzandıqca səhv ehtimalı artır və bu xətalar bir neçə köçürmədən sonra genetik məlumatın itirilməsinə səbəb ola bilər.

Alim bildirib ki, böyük həcmli məlumatın düzgün köçürülməsi üçün hər bir surətdə səhvlərin sayı son dərəcə az olmalıdır. Əks halda məlumat tədricən məhv olur. Buna görə də təsadüfi kimyəvi reaksiyalardan dəqiq surətçıxarma mexanizminə keçid tədricən baş verə bilməz.

Avetisovun sözlərinə görə, həyatın mənşəyini izah edən məşhur RNT dünyası hipotezi də bu əsas suala cavab vermir. Belə ki, RNT həm genetik məlumatı saxlaya, həm də molekulyar mexanizm kimi fəaliyyət göstərə bilər. Lakin onun fikrincə, bu hipotez qısa RNT zəncirlərindən daha mürəkkəb sistemlərə keçidin necə baş verdiyini açıqlamır.

Alim yekun olaraq bildirib ki, hazırda elmi ictimaiyyətdə müzakirə olunan heç bir fərziyyə həyatın yaranmasının əsas mexanizmini inandırıcı şəkildə izah etmir.