Hindistan Somali sahillərində quldurlar tərəfindən qaçırılan gəmidən 20 dənizçini xilas edib

Hindistan Hərbi Dəniz Qüvvələrinin gəmisi və xüsusi təyinatlı qüvvələri Somali sahillərinin şimal-şərqində, Ərəbistan dənizində quldurlar tərəfindən ələ keçirilmiş balıqçı gəmisinin 20 nəfərlik heyətini xilas edib.

Bu barədə ANI agentliyi məlumat yayıb.

İki gündən artıq davam edən əməliyyatda Hindistan Hərbi Dəniz Qüvvələrinin gəmisi, kəşfiyyat təyyarəsi və C-17 hərbi-nəqliyyat təyyarəsindən ələ keçirilmiş tralerin göyərtəsinə desant çıxaran xüsusi təyinatlı komandolar iştirak edib. Quldurların ələ keçirdiyi “Azini” adlı gəmidə girov saxlanılan 20 ekipaj üzvünün hamısı azad edilib. Əməliyyat zamanı nə balıqçılar, nə də Hindistan hərbçiləri xəsarət alıb.

Məlumata görə, quldurlar oktyabrda ələ keçirdikləri tralerdən ticarət gəmilərinə hücum etmək və dəniz təhlükəsizliyinə təhdid yaratmaq məqsədilə üzən baza kimi istifadə etməyi planlaşdırıblar.

Hindistanın müdafiə naziri Racnat Sinqx bildirib ki, Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin uğurlu əməliyyatı ölkənin Hind okeanında təhlükəsizliyin və sərbəst ticarət gəmiçiliyinin təmin edilməsinə sadiqliyini bir daha nümayiş etdirib.