"Özəl məktəblərdə təhsil haqlarını dövlət tənzimləməlidir" - Millət vəkili

Azərbaycanda özəl məktəblərdə təhsil haqlarının ildən-ilə artması valideynləri narahat edən məsələlərdən birinə çevrilib. 2026/2027-ci tədris ili üzrə aparılan araşdırmalar göstərir ki, ölkədə fəaliyyət göstərən bir sıra özəl məktəblərdə illik təhsil haqları 4 000 manatdan 22 700 manata qədər dəyişir. Əvvəlki tədris ili ilə müqayisədə bəzi təhsil müəssisələrində qiymət artımı müşahidə olunur. Ayrı-ayrı məktəblərdə və təhsil pillələrində illik ödənişlərin yuxarı həddi 1 000–2 200 manat artıb.

Təhsil haqlarının bu səviyyəyə çatması özəl təhsilin əlçatanlığı, qiymətlərin hansı meyarlar əsasında müəyyənləşdirilməsi və dövlət nəzarətinin zəruriliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Bəs özəl məktəblərdə təhsil haqlarının artması hansı amillərlə bağlıdır? Bu sahədə qiymətlərin tənzimlənməsi üçün dövlət tərəfindən nəzarət mexanizminin tətbiqi mümkündürmü?

Milli Məclisin deputatı Ceyhun Məmmədov Sfera.az-a açıqlamasında bildirib ki, təhsil haqlarının dövlət tərəfindən tənzimlənməsinə ciddi ehtiyac var.

Deputatın sözlərinə görə, müvafiq nəzarət mexanizmlərinin olmaması bu sahədə qiymətlərin həddindən artıq yüksəlməsinə şərait yaradır:

“Dəfələrlə bildirmişəm ki, təhsil xərcləri və təhsil haqları dövlət tərəfindən tənzimlənməlidir. Dövlət tərəfindən müvafiq mexanizmlər tətbiq olunmadıqda və lazımi addımlar atılmadıqda nəticədə bu cür vəziyyətlərlə üzləşirik. Ona görə də hesab edirəm ki, məsələyə ciddi nəzarət olunmalı, proseslər daim diqqətdə saxlanılmalıdır.

Hazırda illik təhsil haqqı 50-60 min manata çatan məktəblər var. Kimsə deyə bilər ki, bu, özəl sahədir və qiymətlər sərbəst şəkildə müəyyənləşdirilməlidir. Lakin mən bu yanaşma ilə razı deyiləm. Azərbaycanda əməkhaqlarını, insanların həyat şəraitini və maddi vəziyyətini nəzərə alsaq, mövcud vəziyyətin nə dərəcədə ciddi olduğunu görərik”.

C.Məmmədov vurğulayıb ki, özəl təhsil müəssisələrinin qiymət siyasəti dövlət nəzarətindən kənarda qalmamalıdır:

“Hər kəs istədiyi qiyməti müəyyənləşdirməməlidir. Dövlətin bu prosesə ciddi nəzarət etməsinə, qiymətləri tənzimləməsinə və müvafiq addımlar atmasına böyük ehtiyac var. Hesab edirəm ki, bu məsələ ətrafında ciddi düşünməli və prosesi mütləq tənzimləməliyik. Əks halda, bu cür problemlərlə tez-tez qarşılaşacağıq”.

Millət vəkili qeyd edib ki, təkcə orta ümumtəhsil məktəblərində deyil, ali təhsil müəssisələrində də təhsil haqlarının dövlət tərəfindən tənzimlənməsinə və ciddi nəzarət mexanizmlərinin tətbiqinə ehtiyac var:

"Bu prosesə yalnız özəl sektorun müstəqil fəaliyyəti kimi yanaşmaq, hər kəsin istədiyi qiyməti müəyyənləşdirə biləcəyini düşünmək doğru deyil. Ona görə də hər birimiz bu məsələyə diqqətlə və düzgün yanaşmalıyıq”.