Azov Korpusu ilə bağlı iddialar gərginliyə səbəb oldu

Ukraynanın Kiyev vilayətində hərbçilərin qanunsuz saxlanılması və işgəncələrə məruz qalması ilə bağlı iddialar ciddi narazılıq yaradıb. Hadisə yerində toplaşan vətəndaşlarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb.

Hadisə noyabrın 2-də Petropavlivska Borşahivka yaşayış məntəqəsində, Ukrayna Milli Qvardiyasının 1-ci Azov Korpusunun nəzarətində olan hərbi obyektdə baş verib.

İddialara görə, binada onlarla hərbçi qanunsuz saxlanılıb və döyülüb. Hadisə yerindən çıxarılan dörd hərbçi müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan birinin onurğa sütununun sındığı bildirilib.

Azov Korpusu binanın müvəqqəti hərbi yerləşmə məntəqəsi olduğunu təsdiqləyib, lakin işgəncə və qanunsuz saxlanma iddialarının hələ sübuta yetirilmədiyini açıqlayıb.

Hadisə zamanı binada 14 yaşlı uşağın da olduğu müəyyən edilib. Onun obyektə necə daxil olduğu araşdırılır.

Ukrayna Milli Qvardiyasının komandanı Oleksandr Pivnenko və Prezident Ofisinin rəhbəri Kirill Budanov hadisə yerinə gələrək vəziyyətlə tanış olublar.

Kiyev polisi 40 nəfərin girov saxlanılması və bir nəfərin öldürülməsi barədə yayılan məlumatları təkzib edib. Rəsmi qurumlar qanunsuz zorakılıq faktlarının müəyyənləşdirilməsi üçün araşdırma aparıldığını və təqsirkarların cəzalandırılacağını bildiriblər.