2026–2027-ci tədris ili üçün bir sıra təhsil müəssisələri qiymətlərini açıqlayıb. Məktəblərdə təhsil haqları sinif səviyyəsi, tədris dili və proqramdan asılı olaraq dəyişir. Bəzi müəssisələrdə ötən illə müqayisədə qiymətlər artdığı halda, digərlərində fərqli ödəniş şərtləri tətbiq olunur.
Trend-in araşdırmasına əsasən, Azərbaycanda özəl məktəblərin 2026–2027-ci tədris ili üzrə illik təhsil haqları bir neçə min manatdan 22 min manatadək yüksəlir.
Hədəf Liseyində illik təhsil haqqı filial, tədris dili və proqramdan asılı olaraq 4 000–12 000 manat arasında dəyişir. Ötən tədris ilində bu məbləğ 5 000–9 000 manat təşkil edib.
LANDAU Schoolda ibtidai siniflər üzrə illik təhsil haqqı 9 200 manatdır. V–VII siniflərdə bu məbləğ 10 700 manat, VIII–IX siniflərdə isə 11 500 manat təşkil edir. X–XI siniflər üçün SAT proqramının qiyməti 11 650 manat, A-Level proqramının qiyməti isə 14 400 manatdır. Ötən tədris ilində məktəbdə illik təhsil haqları 6 300–13 600 manat arasında dəyişib.
Xəzər Universitetinin Dünya Məktəbində qiymətlər sinif və təhsil proqramına görə müəyyənləşdirilir. I–IV siniflərdə PYP proqramı üzrə illik ödəniş 9 500 manat, V–IX siniflərdə MYP proqramı üzrə 11 000 manatdır. X–XI siniflərdə IB Diplom Proqramı üzrə təhsil haqqı məktəbin hazırkı şagirdləri üçün 12 000 manat, digər məktəblərdən qəbul olunanlar üçün isə 14 000 manatdır.
Bakı Oxford Məktəbində 2026–2027-ci tədris ili üçün məktəbəqədər hazırlıq üzrə illik ödəniş 9 000 manatdır. İbtidai siniflərdə təhsil haqqı 17 000–17 500 manat, orta siniflərdə 18 000–19 000 manat arasında dəyişir. Yuxarı siniflərdə isə təhsil proqramından asılı olaraq 17 500–22 700 manat ödənilməlidir. Məktəbəqədər hazırlıq və ibtidai siniflərə qəbul üçün əlavə 100 manat müraciət haqqı da nəzərdə tutulub. Ötən tədris ilində ibtidai siniflər üzrə qiymətlər 17 000–17 500 manat, yuxarı siniflər üzrə isə 17 500–20 500 manat olub.
Kaspi Liseyində illik təhsil haqları filial və bölmədən asılı olaraq 6 000–11 100 manat təşkil edir. Təhsil haqqına dərsliklər, gündə üç dəfə qidalanma, bir ödənişsiz dərnək və məktəbli forması daxildir. Ötən tədris ilində liseydə illik təhsil haqları 8 350–9 450 manat arasında dəyişib.
Azərbaycan Britaniya Kollecində məktəbəqədər təhsil üçün illik ödəniş 11 000 manatdır. I–VI siniflər üzrə bu məbləğ 20 000 manat, VII–XII siniflərdə 21 000 manat, A-Level proqramı üzrə isə 22 000 manat təşkil edir.
Avropa Azərbaycan Məktəbində məktəbəqədər təhsil 9 000 manat, I–IV siniflər 12 500 manat, V–IX siniflər 14 500 manat, X–XII siniflər isə 17 500 manatdır. Ötən tədris ilində illik təhsil haqları 11 250–16 250 manat arasında dəyişib.
SABIS SUN International Schoolda 2026–2027-ci tədris ili üzrə illik təhsil haqları sinif səviyyəsindən asılı olaraq 12 206–17 000 manat təşkil edir. Ötən tədris ilində isə qiymətlər 14 400–15 900 manat arasında olub.
Bakı Modern Təhsil Kompleksində I–IV siniflər üzrə illik təhsil haqqı Azərbaycan bölməsində 13 000 manat, ingilis bölməsində isə 18 000 manatdır. IX–XI siniflərdə ingilis bölməsi üzrə təhsil haqqı 17 000 manat təşkil edir. Ödənişə gündə üç dəfə qidalanma, xarici dil dərsləri, üzgüçülük, şahmat, gimnastika, rəqs və robototexnika kimi dərnəklər daxildir. Ötən il təhsil haqları 12 000 manatdan başlayıb.