3 noyabr 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Qazaxıstanın milli neft-qaz şirkəti “KazMunayGas”ın İdarə Heyətinin sədri Asxat Xasenov ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında strateji münasibətlərin enerji sektorunda da uğurla inkişaf etdiyi vurğulanıb.
Tərəflər SOCAR ilə “KazMunayGas” arasında 2024-cü ildə imzalanmış Strateji Əməkdaşlıq Memorandumu üzrə görülən işləri, o cümlədən Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması istiqamətində əməkdaşlığın genişləndirilməsi və enerji sektorunun müxtəlif sahələrində tərəfdaşlıq məsələlərini nəzərdən keçiriblər.
Qeyd edək ki, “KazMunayGas” Qazaxıstanın ən böyük neft-qaz şirkətidir. 2002-ci ildə yaradılan şirkət ölkədə neft və təbii qaz yataqlarının geoloji kəşfiyyatı, hasilatı, neftin boru kəmərləri ilə nəqli, emalı, neft-kimya məhsullarının istehsalı və neft məhsullarının satışı ilə məşğuldur.
Şirkət Qazaxıstandakı Tengiz, Kaşaqan və Karaçaqanaq kimi iri neft-qaz layihələrində iştirak edir. “KazMunayGas”ın ölkənin neft hasilatındakı payı təxminən 26%, neft nəqlində 55%, neft emalında isə 80% təşkil edir. Şirkətin əsas səhmdarı Qazaxıstanın “Samruk-Kazına” Milli Rifah Fondudur.