İsrail ordusu Dəməşqin 27 km-dədir?..- Suriya hökuməti köçür?..- Türkiyə bu işğal planının qarşısını alacaq!..- ÇÜNKİ...

“Türk liderləri gözəl anlayırlar ki, qarşısında ciddi müqavimət hiss etməyəcəyi halda bundan sonrakı illərdə İsrailin digər Türk düşmənləri ilə birgə növbəti hədəfi gerçəkdən Ankara və İstanbul ola bilər...”

Suriyada Müdafiə Nazirliyinin Həmaya, üç nazirliyin Hələbə, Mərkəzi Bank və digər strateji qurumların isə ölkənin müxtəlif bölgələrinə köçürülməsi nəzərdən keçirilir. Türkiyənin hərbi, kəşfiyyat və diplomatik imkanları İsrailin mümkün genişmiqyaslı əməliyyatlarının qarşısını almaqda həlledici amilə çevrilə bilər.

İsrailin Suriyanın cənubundakı hərbi mövcudluğunu genişləndirməsi, Dəməşqə yaxın mövqelərdə yerləşməsi və yeni hərbi əməliyyat ehtimalının gündəmə gəlməsi regionda ciddi narahatlıq yaradıb. Türkiyə mətbuatında yayılan son məlumatlar isə Ankara ilə Dəməşqin bu təhlükəyə qarşı daha geniş hərbi-siyasi əməkdaşlığa hazırlaşdığı barədə müzakirələri gücləndirib.

Türkiyənin “Türkiye” Gazetesi nəşrinin noyabrın 3-də jurnalist Yılmaz Bilgenin imzası ilə dərc etdiyi materialda Suriya hakimiyyətinin dövlət idarəetmə sistemini yenidən təşkil etmək üçün fövqəladə plan hazırladığı bildirilir.

İddialara görə, İsrail qoşunları Şamın- Dəməşqin 25 kilometrliyindədir...

Nəşr Dəməşqdəki hökumət nümayəndəsinə və suriyalı təhlükəsizlik mənbələrinə istinadən yazır ki, ən azı üç nazirliyin Hələbə, Müdafiə Nazirliyinin isə Həma şəhərinə köçürülməsi istiqamətində hazırlıq aparılır.

Bununla yanaşı, Mərkəzi Bankın, neft, kənd təsərrüfatı, su təsərrüfatı və iqtisadiyyat sahələrindəki strateji qurumların İdlib, Rəqqa, Deyr əz-Zor və Həsəkə bölgələrinə yerləşdirilməsi nəzərdən keçirilir.

Bu planın əsas məqsədinin mümkün İsrail hücumu zamanı Dəməşqdəki dövlət idarəetmə sisteminin iflic olmasının qarşısını almaq olduğu bildirilir.

İsrail qüvvələri Dəməşqə 27 kilometrədək yaxınlaşıb...-“Reuters”

İsrailin Suriya paytaxtına yaxınlığı ilə bağlı narahatlıqların əsası var. “Arab News” nəşrinin oktyabrın 28-də “Reuters” materialına əsaslanan təhlilində İsrail hərbi qüvvələrinin Dəməşqin mərkəzindən təxminən 27 kilometr məsafədə mövqeləndiyi bildirilir. Materialda Suriyanı araşdıran ETANA təşkilatının qiymətləndirmələrinə də istinad olunur.

Suriya dövlət informasiya agentliyi “SANA” isə oktyabrın 26-da İsrail qüvvələrinin ölkənin cənubunda quru əməliyyatlarını, reydləri və hava zərbələrini davam etdirdiyini yazıb. Belə bir şəraitdə Dəməşq üçün əsas təhlükə yalnız İsrailin yeni ərazilərə nəzarəti ələ keçirməsi deyil, həm də Suriyanın hərbi, siyasi və iqtisadi idarəetmə sisteminin fəaliyyətini pozmaq ehtimalıdır.

Ankara Şamı müdafiəsiz qoymayacaq?..

Məsələnin ən mühüm geo-siyasi tərəfi Türkiyənin Suriyadakı mövcudluğu və yeni hakimiyyətlə qurduğu strateji əməkdaşlıqdır. Ankara Bəşər Əsəd hakimiyyətinin süqutundan sonra Suriyanın yeni rəhbərliyi ilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əlaqələrini genişləndirib. Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasını, ölkədə vahid dövlət idarəçiliyinin bərpasını və silahlı qruplaşmaların dövlət nəzarətinə alınmasını öz regional təhlükəsizlik maraqları ilə əlaqələndirir.

Bu baxımdan, İsrailin Suriyanın cənubunda mövqelərini genişləndirməsi Ankara üçün yalnız Dəməşqin problemi deyil. Belə proses Türkiyənin cənub sərhədləri boyunca təhlükəsizlik arxitekturasına, Suriyanın gələcək siyasi quruluşuna və bölgədəki qüvvələr balansına birbaşa təsir göstərə bilər.

Türkiyənin İsrailin mümkün genişlənməsinin qarşısını almaq üçün istifadə edə biləcəyi əsas vasitələr bir neçə istiqamətdə nəzərdən keçirilir.

1-ci istiqamət – hərbi və təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi...

2025-ci il avqustun 13-də Türkiyə və Suriya müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq sazişi imzalanıb. Suriya dövlət agentliyi “SANA”-nın yaydığı məlumata görə, sənəd Suriya ordusunun imkanlarının artırılmasını, hərbi kadrların hazırlanmasını, texniki yardım göstərilməsini, komanda-idarəetmə sistemlərinin və institusional strukturun inkişaf etdirilməsini nəzərdə tutur.

Bu əməkdaşlığın davam etdirilməsi Suriya ordusunun öz ərazisini və dövlət sərhədlərini qorumaq imkanlarının gücləndirilməsinə xidmət edə bilər.

2-ci istiqamət – kəşfiyyat və hava hücumundan müdafiə sahəsində koordinasiya...

“Türkiye” qəzeti yazır ki, Suriya hakimiyyəti dövlət qurumlarını Türkiyə sərhədinə yaxın ərazilərdə yerləşdirməklə Ankaranın kəşfiyyat, quru və hava imkanlarından yararlanmaq istəyir. Burada mühüm məqam Türkiyənin hərbi və kəşfiyyat potensialının Suriyanın müdafiə sisteminin bərpasında hansı formada iştirak edə biləcəyidir.

Ankara ilə Dəməşq arasında belə koordinasiyanın genişlənməsi İsrailin Suriya ərazisində hərbi əməliyyatlarının siyasi və təhlükəsizlik baxımından qiymətini artıra bilər. Bununla belə, Türkiyənin Suriyada yeni hava hücumundan müdafiə sistemləri yerləşdirməsi və ya İsrailə qarşı hərbi müdaxilə qərarı verməsi barədə təsdiqlənmiş açıqlama yoxdur.

3-cü istiqamət – Türkiyənin Suriyanın şimalında strateji mövqelərini qoruması...

Suriya dövlət qurumlarının Hələb, Həma, İdlib, Rəqqa və digər şəhərlərə paylanması planının Türkiyə ilə əlaqələri də xüsusi əhəmiyyət daşıyır. Hələb Türkiyə sərhədinə yaxınlığı və iqtisadi-strateji mövqeyinə görə xüsusi əhəmiyyətə malikdir. Dövlət idarəçiliyinin bu şəhərdə gücləndirilməsi mümkün böhran şəraitində Dəməşqdən kənar alternativ idarəetmə imkanları yarada bilər.

Ankaranın əsas maraqlarından biri də Suriyanın parçalanmasının və ölkə ərazisində Türkiyənin təhlükəsizliyinə təhdid yarada biləcək yeni silahlı strukturların formalaşmasının qarşısını almaqdır.

4-cü istiqamət – regional hərbi-siyasi ittifaqın yaradılması...

Türkiyənin Səudiyyə Ərəbistanı və Pakistanla təhlükəsizlik əməkdaşlığı, eləcə də Suriyanın bu regional platformaya qoşulması məsələsi ayrıca əhəmiyyət daşıyır. Türkiyə mətbuatının məlumatına görə, Ankara ilə Dəməşq arasında Məkkə İttifaqına qoşulmaq məsələsi üzrə təmaslar intensivləşib. Belə bir əməkdaşlığın reallaşması Suriyanın təhlükəsizliyini yalnız ikitərəfli Türkiyə–Suriya münasibətləri çərçivəsində deyil, daha geniş regional mexanizm daxilində təmin etmək imkanlarını artıra bilər.

Lakin Suriyanın bu ittifaqa qoşulması və onun çərçivəsində İsrailə qarşı konkret hərbi öhdəliklər götürməsi barədə yekun qərar açıqlanmayıb.

Ankara İsraillə birbaşa qarşıdurmaya gedəcəkmi?..

Türkiyənin İsrailin Suriyadakı hərbi fəaliyyətinə münasibəti kifayət qədər sərtdir. Bununla belə, Ankara hərbi toqquşmanın tərəfdarı olduğunu bildirməyib. Türkiyənin xarici işlər naziri Hakan Fidan 2025-ci il aprelin 4-də “Reuters”-ə müsahibəsində Türkiyənin Suriyada İsraillə birbaşa qarşıdurma istəmədiyini bildirib. O, İsrailin Suriyanın hərbi imkanlarını zəiflətməsinin təkcə bu ölkənin təhlükəsizliyinə deyil, bütövlükdə regionun gələcəyinə təhdid yaratdığını vurğulayıb.

Fidanın sözlərinə görə, Suriyanın təhlükəsizliyi suriyalıların özləri tərəfindən müəyyənləşdirilməlidir. Bununla yanaşı, Türkiyə İsrailin hərəkətlərinin gələcək regional qeyri-sabitliyə zəmin yaratdığını düşünür. Bu mövqe Ankaranın strategiyasının mütləq hərbi qarşıdurma deyil, diplomatik təzyiq, Suriya dövlətinin müdafiə qabiliyyətinin artırılması və regional təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi üzərində qurula biləcəyini göstərir.

İsrail Dəməşqi ələ keçirə bilərmi?..

İsrailin Suriya ərazisində mövcud hərbi mövqelərini genişləndirməsi və Dəməşqə yaxınlaşması real təhlükəsizlik problemidir. Lakin bundan İsrailin Suriya paytaxtını işğal etmək barədə artıq təsdiqlənmiş əməliyyat qərarı verdiyi nəticəsi çıxmır. Eyni zamanda, Dəməşqin müdafiə imkanlarının zəifliyi, Suriya ordusunun yenidən qurulması prosesi və İsrailin hava üstünlüyü paytaxtın təhlükəsizliyi məsələsini daha da mürəkkəbləşdirir.

Bu vəziyyətdə Türkiyənin rolu xüsusi əhəmiyyət kəsb edir. Ankara Suriyanın ərazi bütövlüyünün qorunmasını öz regional maraqlarının mühüm hissəsi hesab edir. Türkiyənin hərbi əməkdaşlıq, kəşfiyyat koordinasiyası, diplomatik təzyiq və regional ittifaqlar vasitəsilə İsrailin mümkün genişlənməsini çəkindirmək imkanları var. Ancaq Türkiyənin İsraillə birbaşa hərbi qarşıdurmaya girəcəyi və ya Dəməşqin müdafiəsini öz üzərinə götürəcəyi barədə hələlik rəsmi qərar yoxdur... Bununla belə, təhlillər göstərir ki, əgər İsrailin gerçəkdən Suriya paytaxtını işğal etmək planı varsa, Türkiyə nəyin bahasına olursa-olsun, bunun qarşısını alacaq. Çünki türk liderləri gözəl bilirlər ki, qarşısında ciddi müqavimət hiss etməyəcəyi halda bundan sonrakı illərdə İsrailin digər Türk düşmənləri ilə birgə növbəti hədəfi gerçəkdən Ankara və İstanbul ola bilər...

Bir sözlə, Dəməşq uğrunda mümkün geo-siyasi mübarizədə Türkiyə amili İsrailin hesablamalarını çətinləşdirə biləcək əsas regional faktorlardan biri olaraq qalır.

S.Laçın