“Yol hərəkəti nişanları konstitusiyada təsdiq edilmiş nişanlardır və dəyişdirilə bilməz”.
Bu sözləri Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib.
Ekspert Milli Məclisin deputatı Hikmət Babaoğlunun Azərbaycanda istifadə edilən yol hərəkəti nişanlarının Azərbaycan dilində dəyişdirilməsi ilə bağlı verdiyi təklifi gərəksiz hesab edib:
“Bu qanun 1998-ci ildə şəxsən ümummilli liderin nəzarəti və tam himayəsi altında qəbul edilmiş əsas qanunlardan biridir. Həmin sənəd Konstitusiya qanunundan sonra qəbul edilən ilk qanunlardandır. Lakin onun əhatə dairəsi və ağırlığı birbaşa beynəlxalq konvensiyalara əsaslanır. Azərbaycanda yol hərəkəti haqqında qanunvericilik beynəlxalq konvensiyalara tam qoşulan və istinad edən ən işlək sistemlərdən biridir.
Yol hərəkəti haqqında qanunda bildiyimiz kimi, sözlərdən çox şərti işarələr, rəqəmlər və simvollardan istifadə olunur. Bu, bütün dünya ölkələrində eyni cür başa düşülən universal konseptdir.
O cümlədən, Azərbaycan Respublikası vətəndaşının əldə etdiyi sürücülük vəsiqəsi də ingilis, Azərbaycan, fransız və digər dillərdə oxunmaqla, beynəlxalq müstəvidə tanınan sənədlərdən biridir. Onun təsir dairəsi təxminən 250-300 milyonluq əhalisi olan ölkələri əhatə edir.
Ona görə də hesab edirəm ki, mövcud şərti işarələr və qanunvericilik bugünkü reallığı, eləcə də beynəlxalq dil normalarını əks etdirir. Yol hərəkəti sahəsində üzərində işlənilməli olan digər qaydalar var, nəinki dünyanın qəbul etdiyi beynəlxalq səviyyəli simvollar. Necə ki riyaziyyatda “Pi” hərfi ümumi qəbul olunub, yol nişanları da məhz belə universal aksiomalardır.
1990-cı illərdə qəbul edilmiş istənilən qanun bu gün də öz qüvvəsini saxlayır və onun təkmilləşdirilərək daha da rentabelli hala gətirilməsi məqsədəuyğundur”.