ABŞ-də 9 nəfərin öldüyü təyyarə qəzası ilə bağlı yeni detallar üzə çıxıb

ABŞ-nin Florida ştatında doqquz nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasında ikinci pilotun 20 yaşlı gənc qız olduğu məlum olub.

Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Palm-Biç dairəsinin Qrinakrs şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin ikinci pilotu Nataliya Filqeyras olub.

Gənc qız uşaqlıqdan aviasiyaya maraq göstərib. Həvəskar pilot olan atasından ilhamlanan Nataliya 17 yaşında pilot lisenziyası alıb. Qəza baş verənədək onun 1300 saatdan çox uçuş təcrübəsi olub.

Aviasiya mütəxəssislərinin ehtimalına görə, Filqeyras son uçuşunda müşahidəçi pilot funksiyasını yerinə yetirib. Onun əsas vəzifəsi kabinədəki cihazların göstəricilərinə nəzarət etmək ola bilərdi.

“The New York Post” qəzetinin daha əvvəl yaydığı məlumata əsasən, ikinci pilot təyyarə qəzaya uğramazdan az əvvəl dispetçerə sürətlə hündürlük itirdiklərini bildirib.

Xatırladaq ki, ABŞ-nin nəqliyyat naziri Şon Daffi Florida ştatının Palm-Biç dairəsində “Learjet 60” tipli biznes təyyarəsinin qəzaya uğraması nəticəsində doqquz nəfərin həlak olduğunu təsdiqləyib.

Hadisənin başvermə səbəbləri araşdırılır.