Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır

İranın ABŞ ilə mümkün danışıqlarının gündəliyi Tehranın daha əvvəl irəli sürdüyü yeddi günlük plana əsaslanır.Bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera” telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, hazırda müzakirə olunan plan İranın daha əvvəl təqdim etdiyi yeddi günlük təşəbbüsdür.

O qeyd edib ki, sənəddə Hörmüz boğazının açılması ilə bağlı Tehranın şərtləri əksini tapıb. Bu şərtlər yerinə yetirilərsə, boğaz altıncı gün açılacaq, yeddinci gün isə İranla ABŞ arasında danışıqlar bərpa olunacaq.

Əraqçinin sözlərinə görə, plan BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda təqdim edilib. İlk gün ABŞ bir sıra addımlar atmalı, ikinci gün isə Hörmüz boğazı açılaraq gəmiçilik əvvəlki qaydasına qayıtmalıdır.

Nazir Vaşinqtona ünvanlanan tələblərin İslamabad anlaşma memorandumunda əksini tapdığını bildirib.

Onun sözlərinə görə, sənədin doqquzuncu bəndinə əsasən, ABŞ yeni sanksiyalar tətbiq etməməli və regiondakı hərbi mövcudluğunu artırmamalıdır.

Tehran isə memorandumun imzalanmasından sonra tətbiq edilmiş bütün sanksiyaların ləğvini, ABŞ hərbi qüvvələrinin sayının əvvəlki səviyyəyə endirilməsini və blokadanın aradan qaldırılmasını tələb edir. Bu tələblərə neft məhdudiyyətləri ilə bağlı əvvəldən nəzərdə tutulan istisnalar da daxildir.

Əraqçi əlavə edib ki, Hörmüz boğazında gəmiçilik üçün İran və Oman arasında razılaşdırılmış yeni marşrut müəyyən edilməli, boğazın cənub hissəsindəki digər marşrutlar isə bağlanmalıdır.

Nazir vurğulayıb ki, Tehranın şərtləri yerinə yetirildikdən və Hörmüz boğazı açıldıqdan sonra ABŞ ilə danışıqların bərpası mümkün olacaq.

Əraqçi daha əvvəl “Al Jazeera”ya müsahibəsində İranın yeni silah növlərini sınaqdan keçirdiyini və ölkənin silahlı qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətində olduğunu bildirmişdi.