Böyük Britaniya daimi yaşayış icazəsi almaq istəyən qanuni miqrantlar üçün ölkədə tələb olunan minimum yaşayış müddətini 5 ildən 10 ilə qaldıracaq.
Bu barədə ölkənin daxili işlər naziri Şabana Mahmud parlamentdə çıxışı zamanı bildirib.
Yeni qaydalara əsasən, illik gəliri 50 min funt sterlinqdən çox olan miqrantlar üçün əvvəlki 5 illik müddət saxlanılacaq. İllik gəliri 125 min funt sterlinqdən artıq olanlar isə artıq 3 ildən sonra daimi yaşayış icazəsi üçün müraciət edə biləcəklər.
Həkimlər, tibb bacıları və müəllimlər kimi səhiyyə və təhsil sahələrinə töhfə verən, illik gəliri azı 25 min funt olan şəxslər də əvvəlki qaydalardan yararlana biləcəklər.
Digər miqrantlar üçün müddət 10 il olacaq. Qanunsuz miqrantlar və viza qaydalarını pozanlar isə yalnız Böyük Britaniyada işləmək və ya təhsil almaq şərti ilə 20 ildən sonra daimi yaşayış icazəsinə müraciət edə biləcəklər. Əks halda bu müddət 30 ilə qədər uzadılacaq.
Dövlət müavinətləri hesabına yaşayan şəxslər isə daimi yaşayış icazəsi üçün müraciət etməzdən əvvəl 5 il dövlət yardımından istifadə etməməlidirlər.
BBC-nin məlumatına görə, yeni qaydaların qüvvəyə minməsi üçün qanunvericiliyə dəyişiklik tələb olunmaya bilər. Yeniliklərin mövcud miqrasiya qaydalarına texniki dəyişikliklər etməklə qısa müddətdə tətbiqi mümkündür.