Əraqçi: Hörmüz boğazı açılandan sonra nüvə danışıqları mümkündür

İranın Hörmüz boğazı ilə bağlı şərtləri qəbul olunsa, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlıq və nüvə danışıqları mümkündür.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib.

"İran Nüvə Silahının Yayılmaması haqqında Müqavilənin (NPT) üzvüdür və həmişə NPT çərçivəsində öz öhdəliklərinə sadiq qalıb. Amma agentliyin (AEBA-red.) nəzarətində olan nüvə obyektlərimiz hərbi hücuma məruz qalıb. Bu, amerikalılar və İsrail tərəfindən keçilən böyük bir qırmızı xətt idi. Təbiidir ki, bu məsələ agentliklə münasibətlərimizin pozulmasına səbəb olub", - Əraqçi "Telegram" kanalında müsahibədən sitat gətirib.

Onun sözlərinə görə, İranla AEBA arasında qeyri-müəyyənliklər var: "Hücuma məruz qalmış obyektlərin yoxlanılmasına gəldikdə isə, agentliyin heç bir protokolu yoxdur. Bu obyektlərin necə yoxlanılmalı olduğunu müəyyən edən üsul da mövcud deyil. Buna görə də agentliklə aramızda ortaq anlaşmanın yaranacağı, narahatlıqlarımızın aradan qaldırılacağı və yenidən normal əməkdaşlıq imkanının yaranacağı bir nöqtəyə çatmaqdan çox uzağıq.

Bu, Hörmüz boğazının açılması mərhələsini geridə qoyduqdan sonra müzakirə oluna biləcək mövzulardan biridir".

İranın XİN başçısı bildirib ki, AEBA nüvə razılaşmasında müəyyən rol oyanaya bilər: "Lakin biz iki razılaşmadan danışırıq; Hörmüz boğazının açılmasının öz şərtləri var və bunun nüvə məsələsinə heç bir aidiyyəti yoxdur.

İkinci mövzu, İranın nüvə proqramı ilə bağlı razılaşmadır ki, onun da özünəməxsus şərtləri var. Əvvəlcə etimad yaradılmalıdır".

O bildirib ki, Hörmüz kimi, nüvə razılaşması da böyük mürəkkəbliklərə malikdir: "Biz 2015-ci ildə iki il yarım danışıqlar apardıq və bunun nəticəsi 104 səhifəlik bir sənəd olub. İndi bəlkə də daha qısa danışıqlar aparmaq mümkündür, lakin bu danışıqlar asan danışıqlar olmayacaq.

Əgər etimad yaranarsa, amerikalılar şərtlərimizi qəbul edərlərsə və Hörmüz boğazı açılarsa, mənim fikrimcə, bizim və onların razılaşacağı mövzularda gələcək danışıqlara yol açacaq bir etimad mühiti yaranacaq".

Xatırladaq ki, Əraqçi Hörmüz boğazının da hansı şərtlərlə açıla biləcəyini açıqlayıb.