Fars körfəzi ölkələri yeni qarşıdurma mərhələsi istəməsələr də, mümkün hərbi əməliyyatların bərpasına hazırlaşırlar. Region dövlətləri Qətərin vasitəçiliyi ilə aparılan danışıqlardan diplomatik irəliləyiş əldə etməyə ümid edirlər.
CBS News-a istinadən, bunu BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş bildirib.
Bəhreyndə keçirilən təhlükəsizlik forumunda çıxış edən Qarqaş qeyd edib ki, Əmirliklər diplomatik həll yoluna ümid etsə də, bölgədə eskalasiya ehtimalını da istisna etmir.
Onun sözlərinə görə, İranın BƏƏ də daxil olmaqla Körfəz ölkələrinə hücumları region üçün dönüş nöqtəsinə çevrilib.
“Biz həqiqətən də regionda qarşıdurmanın daha bir mərhələsini görmək istəmirik”, – Qarqaş bildirib.
Bununla belə, o, BƏƏ-nin və bütövlükdə regionun ən pis ssenariyə hazırlaşdığını vurğulayıb. Qarqaşın sözlərinə görə, bu, aktiv hərbi əməliyyatların yenidən başlaması ehtimalını da əhatə edir.
Müharibənin ilk həftələrində Tehran ABŞ-ın İran ərazisinə endirdiyi zərbələrə cavab olaraq BƏƏ-yə dəfələrlə hücum edib.
Hücumlar regionda turizm sektoruna ciddi təsir göstərib, gündəlik həyatı çətinləşdirib və təhlükəsizliklə bağlı narahatlıqları artırıb.