Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində siyasi-diplomatik təmasların yenidən intensivləşməsi mümkün sülh danışıqlarını gündəmə gətirib.
Kremlin Vladimir Putinlə Volodimir Zelenski arasında birbaşa dialoqa açıq olduğuna dair mesajları, rəsmi Kiyevin Türkiyədə liderlər səviyyəsində görüşə hazır olduğunu bildirməsi və Əbu-Dabidə planlaşdırılan üçtərəfli danışıqlar sülh prosesində yeni diplomatik imkanların yarana biləcəyinə dair gözləntiləri artırıb.
Lakin tərəflərin ərazi məsələləri, atəşkəsin şərtləri və təhlükəsizlik təminatları ilə bağlı ziddiyyətli mövqeləri hələ də əsas maneə olaraq qalır.
Bəs, mövcud ziddiyyətlər fonunda Putin-Zelenski görüşünün baş tutması Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində real dönüş yarada bilərmi? Tərəflərin kompromisə getmək imkanlarını və Türkiyənin mümkün vasitəçilik rolunu necə qiymətləndirmək olar?
Mövzu ilə bağlı Moderator.az-a politoloq Natiq Miri açıqlama verib.
Politoloq qeyd edib ki, prezidentlər arasında görüşün baş tutması ehtimalı var. Ancaq düşünürəm ki, bu görüş praktik olaraq reallaşsa belə, ondan ciddi siyasi nəticələr gözləmək özünü aldatmaq olardı:
"Fikir verirsinizsə, İran Amerika Birləşmiş Ştatları ilə birbaşa danışıqlar masasına oturmaq, yəni sülh danışıqları aparmaq üçün dərhal bütün istiqamətlərdə, hətta İranın maliyyələşdirdiyi proksi qüvvələrin yerləşdiyi məkanlarda belə hücumların və döyüşlərin dayandırılmasını, müharibəyə son qoyulmasını tələb edir.
Müharibələrin sülh danışıqları ilə başa çatması, adətən, müəyyən nəticə əldə edildiyini göstərir. Ancaq bunun üçün, ilk növbədə, cəbhədə atəşkəsə ehtiyac var. Rusiya isə bunu qəbul etmir. Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla, ölkənin bütün mərkəzi şəhərlərinə, xüsusilə mülki infrastruktura, yaşayış binalarına, hətta qatarlara və avtobuslara raket və dronlarla zərbələr endirilməsi Rusiyanın müharibəni bitirmək istəyini qətiyyən nümayiş etdirmir.
Çünki müharibəni bitirmək istəyən tərəf ən azı danışıqların aparılması və gələcəkdə bu danışıqların pozulmaması üçün müvəqqəti də olsa atəşkəsə razı olmalıdır. Ancaq Rusiya bunu qəbul etmir. Üstəlik, Rusiya və Ukrayna prezidentləri görüşsələr belə, düşünürəm ki, əvvəlcədən hazırlıq aparılmadan bu görüş heç bir siyasi nəticə verməyəcək.
Çünki bundan əvvəl siyasi komandalar arasında ciddi danışıqlar aparılmalıdır. Xüsusilə texniki qruplar məsələnin bütün detalları üzrə ətraflı müzakirələr aparmalı, güzəştlərin sərhədlərini müəyyənləşdirməlidirlər ki, tərəflərin mövqelərinin hansı istiqamətlərdə yaxınlaşdırılmasının mümkün olduğu aydınlaşsın.
Buna görə də, sadəcə görüş xatirinə keçirilən bir görüş, bəlkə də, tərəflər arasında buzların əriməsinə müəyyən qədər kömək edə bilər. Ancaq həmin görüşdən ciddi siyasi nəticə çıxacağını gözləmirəm. Bundan başqa, bilirsiniz ki, bu münaqişədə tərəflərin mövqelərini yaxınlaşdırmağın mümkün olmamasının əsas səbəbi ərazi məsələsidir.
Çünki Rusiya bütün Donbas vilayətinin, yəni Luqansk və Donetskin hələ tam işğal olunmamış ərazilərinin də Rusiyaya təhvil verilməsini istəyir. Zelenski isə bundan imtina edir. Bundan başqa, Rusiya işğal olunmuş ərazilərin Rusiya ərazisi kimi tanınmasını da tələb edir".
Natiq Miri vurğulayıb ki, halbuki, başda Zelenski olmaqla, Ukraynada heç bir siyasətçinin buna razılıq vermək səlahiyyəti və imkanı yoxdur:
"Hətta belə bir məsələ onun fikrindən keçsə belə, Ukrayna xalqı və ordusu buna imkan verməz. Bu məsələdə prinsipial ziddiyyət tamamilə ortada olduğu halda, ciddi bir razılaşmanın əldə ediləcəyini iddia etmək, məncə, doğru olmazdı.
Belə olan halda sual yarana bilər: Rusiya niyə Əbu-Dabidə üçtərəfli danışıqlara, hətta Zelenski ilə telefon danışığına açıq olduğunu bəyan edir?
Düşünürəm ki, bunlar Rusiyanın növbəti dəfə vaxt qazanmaq istəyindən başqa bir şey deyil. Çünki Rusiya bu üçtərəfli danışıqlara razı olmasaydı, Konqresin təsdiqlədiyi, senator Qremin hazırladığı «cəhənnəm sanksiyaları» mövcud idi və Konqresin bu qərarını prezident Donald Tramp da təsdiqləmişdi.
Beləliklə, ya həmin sanksiyalar Rusiyaya tətbiq olunmalı idi, ya da Rusiya vaxt qazanmaq üçün özü üçün belə bir çıxış yolu yaratmış oldu. Bu danışıqları Vladimir Putinin ailəsinə yaxın olan Kirill Dmitriyev və Trampın xüsusi nümayəndəsi Uytkov apararaq müəyyən mənada razılaşdırıblar.
Hətta inanın ki, Donald Trampın həyat yoldaşı Melaniya Trampın təşəbbüsü ilə Trampın Xerson vilayətinin Aleşki şəhərində qısamüddətli humanitar atəşkəsə razılaşması planı da əvvəlcədən hazırlanmışdı. Bu addım, xüsusilə, noyabrın 3-də keçiriləcək, yəni sabah baş tutacaq aralıq seçkilərinə hesablanmışdı. Çünki Donald Trampın kiçik də olsa, siyasi uğura ehtiyacı vardı.
Rusiya-Ukrayna müharibəsini artıq tənzimləyə bilmir və yaxın perspektivdə bunun baş tutacağı da görünmür. Üstəlik, İranla müharibəyə başlamasına baxmayaraq, hələ də bu müharibəni bitirə bilmir. Müxtəlif şou xarakterli açıqlamalarla müharibənin bu gün-sabah başa çatacağı barədə fikirlər səsləndirilsə də, ABŞ-ın, Donald Trampın İran bataqlığına batdığı göz qabağındadır".
Politoloq əlavə edib ki, buna görə də hesab edirəm ki, bu, ABŞ və Rusiya arasında əvvəlcədən razılaşdırılmış plandır:
"İlk növbədə, bu plan Trampa guya Rusiya-Ukrayna arasında anlaşmanın çox yaxın olduğu barədə bəyanatlar səsləndirmək üçün bəhanə verdi. Belə bir şəraitdə, danışıqların getdiyi bir vaxtda Rusiyaya «cəhənnəm sanksiyaları»nın tətbiq olunmasının doğru olmadığı iddia edilir. Yəni sanksiyaların tətbiqi halında Rusiya tərəfinin narazı qalacağı əsas gətirilərək bu addımın məqsədəuyğun olmadığı bildirilir.
Beləliklə, ABŞ vasitəçi kimi öz tərəfsizliyini nümayiş etdirmək üçün guya sanksiyaların tətbiqini müvəqqəti dayandırıb. Ancaq sanksiyaların tətbiqini dayandırmaqla yanaşı, Rusiyaya dünya bazarına, o cümlədən Amerika Birləşmiş Ştatlarına dizel yanacağı satmağa da icazə verib.
Bu isə müharibəni davam etdirmək baxımından Rusiya üçün yeni imkanlar yaradan, ona əlavə nəfəs verən amildir. Müharibəni bitirmək istəyən Rusiya heç vaxt belə bir nəfəslik əldə etməyə çalışmazdı. O baxımdan, bu məsələlərin arxasında çox ciddi planın və oyunun dayandığını düşünmək olar. Bu oyunu hazırlayanlar isə hər ikisi biznesmen olan Dmitriyevlə Uytkovdur. Onlar üçün hər şeydən üstün olan əsas maraq biznes və mənfəətdir.
Melaniya Trampın təşəbbüsü ilə həyata keçirildiyi bildirilən qısamüddətli humanitar atəşkəsin, dünya mediasında böyük rezonans doğuraraq humanist görüntü yaradan bu addımın arxasında da noyabrın 3-də keçiriləcək aralıq seçkilərinin dayandığını düşünürəm. Çünki mövcud olmayan bir uğur qısa müddətdə Melaniya Trampın təşəbbüsü kimi Trampın xeyrinə siyasi dividendə çevrildi".
N.Miri bildirib ki, ona görə də bütün dünya mediası bunu böyük bir şouya çevirdi. Hesab edirəm ki, seçkilərə cəmi iki gün qalmış bu addım Amerika ictimaiyyətinin fikrini dəyişdirmək cəhdi kimi dəyərləndirilməlidir".
"O baxımdan, Rusiyanın uduzacağı bir şey yoxdur. Bir tərəfdən maliyyə imkanları əldə edir, digər tərəfdən isə ABŞ ilə münasibətləri tənzimləməklə Rusiya iqtisadiyyatına Amerika investisiyalarının cəlb olunmasını təmin etməyə çalışır. Perspektivdə nadir metalların istehsalı üçün birgə müəssisələrin yaradılması və investisiyaların cəlb olunması planlaşdırılır.
Bundan başqa, bu proses ABŞ ilə Ukrayna rəhbərliyi arasında münasibətləri də korlayır. Təbii ki, belə bir vəziyyətdə Ukrayna çox çətin duruma düşür. Çünki Ukraynaya tədarük olunan hava hücumundan müdafiə sistemlərinin böyük əksəriyyətini, xüsusilə də «Patriot» raketlərini verən dövlət ABŞ-dır. Bununla da məsələ bitmir.
Digər silahlar da var ki, Avropanın maliyyəsi hesabına olsa belə, onları istehsal edərək NATO vasitəsilə Ukraynaya tədarük edən yenə ABŞ-dır. O baxımdan, fikir verirsinizsə, Rusiya bir güllə ilə bir neçə quş vurur. Bir tərəfdən Ukrayna-ABŞ münasibətlərini korlayır, Zelenski ilə Tramp arasında söz atışmaları isə müəyyən məhdudiyyətlərə gətirib çıxarır.
Kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırılmasını, Starlink internet şəbəkəsinin fəaliyyətinin məhdudlaşdırılmasını xatırlayın. Bütün bunlarla yanaşı, Avropa İttifaqı ilə Donald Tramp administrasiyası arasında münasibətlərin korlanması, ABŞ-ın öz ənənəvi müttəfiqlərinin yanında deyil, müəyyən mənada Rusiyanın mövqeyinə yaxın mövqe tutması, əlbəttə ki, Rusiyanın maraqlarına uyğun olan prosesdir.
Buna görə də düşünürəm ki, Rusiya rəhbərliyi mümkün olduğu qədər bu oyunu davam etdirməyə çalışacaq. Çünki qarşıda sərt qış soyuqları var. Artıq noyabr ayında ciddi şaxtalar başlayır. Cəbhə xəttində hər hansı hərbi uğur qazana bilməyən Rusiya uzaqmənzilli ballistik raketlər, qanadlı raketlər və reaktiv dronlarla Ukrayna xalqını birbaşa hədəfə alır.
Bütün mülki infrastrukturu, enerji infrastrukturunu və istilik təchizatı şəbəkələrini məhv etməklə xalqı təslim almaq istəyir ki, xalq da hakimiyyəti Rusiyanın şərtləri daxilində sülh masasına oturmağa məcbur etsin.
Buna görə də mən Rusiyanın ciddi şəkildə sülhə hazırlaşdığını görmürəm. Bu, böyük bir oyunun tərkib hissəsidir.
Bundan başqa, müharibə anlayışı hələ də Putin rejiminin davamlılığı üçün əsas alətdir. Bunu unutmayaq. Çünki Putin anlayır ki, müharibə bitdiyi təqdirdə Rusiyanın üz-üzə qaldığı bütün sosial-iqtisadi problemlər birdən-birə cəmiyyətdə üzə çıxacaq. Müharibə olmadığı təqdirdə xalq bu problemlərin həllini prezidentdən tələb edəcək.
Üstəlik, müharibədən qayıdan bir milyondan çox kriminal və qeyri-kriminal ünsürün Rusiya cəmiyyətinə necə inteqrasiya edəcəyi ilə bağlı suallar ortaya çıxacaq. Putin bunları gözəl anlayır. Ancaq müharibə davam etdiyi müddətdə insanlar müharibə bəhanəsi ilə səslərini çıxara bilmirlər".
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor