Bakı, 2 noyabr, AZƏRTAC Bir sıra Avropa ölkələrində son dövrlər siyasi və iqtisadi çətinliklərin dərinləşməsi, əhalinin sosial narazılığının artması və ənənəvi siyasi qüvvələrə inamın azalması müşahidə olunur. Seçkiqabağı vədlərin real nəticələrlə müşayiət olunmaması, enerji qiymətlərinin dəyişkənliyi, sənaye istehsalının xərclərinin artması və sosial problemlərin həllindəki çətinliklər Avropa hökumətlərinin idarəetmə qabiliyyətini ciddi sınaq qarşısında qoyur.Bu barədə AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.Onun sözlərinə görə, demokratik cəmiyyətlərdə siyasi hakimiyyətlərin legitimliyi və ictimai dəstəyinin qorunması, ilk növbədə, vətəndaşların gündəlik problemlərinin həllindən asılıdır. “Seçkilər zamanı verilən vədlər sonradan real nəticələrə çevrilmədikdə cəmiyyətdə siyasi institutlara, ənənəvi partiyalara və dövlət idarəçiliyinə inam zəifləyir. Avropanın bir sıra ölkələrində müşahidə olunan proseslər də bu baxımdan diqqət çəkir. Əhalinin yaşayış xərclərinin artması, mənzil təminatı, məşğulluq, sosial müdafiə və digər problemlərin həllində ciddi irəliləyişin olmaması vətəndaşların narazılığını artırır. Nəticədə ənənəvi siyasi qüvvələrə alternativ axtarışı güclənir, populist və radikal siyasi cərəyanlar daha çox dəstək qazanmaq imkanı əldə edirlər.Avropanın qarşılaşdığı digər mühüm çağırışlardan biri enerji təhlükəsizliyi və enerji resurslarının qiyməti ilə bağlıdır. Enerji qiymətlərinin dəyişkənliyi, təchizat zəncirlərindəki problemlər və istehsal xərclərinin yüksəlməsi Avropa sənayesinin rəqabət qabiliyyətinə mənfi təsir göstərir. Xüsusilə enerji tutumlu sənaye sahələrində xərclərin artması müəssisələrin fəaliyyətinə, investisiya imkanlarına və istehsalın davamlılığına təsirsiz ötüşmür”, - deyə Aydın Hüseynov vurğulayıb. Deputat qeyd edib ki, bu amillər yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır, eyni zamanda, sosial rifaha və siyasi sabitliyə də təsir edir: “Sənaye istehsalının zəifləməsi, iş yerlərinin azalması və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi hökumətlərə qarşı narazılıqları daha da gücləndirə bilər. Fransa, Almaniya və digər aparıcı Avropa ölkələrində hökumətlərin üzləşdiyi siyasi çətinlikləri yalnız həmin dövlətlərin daxili problemləri kimi qiymətləndirmək düzgün olmazdı. Bu proseslər müəyyən mənada Avropa siyasi və iqtisadi modelinin qarşılaşdığı ümumi çağırışları üzə çıxarır. Enerji təhlükəsizliyi, miqrasiya, sosial təminat, iqtisadi rəqabət və siyasi etimad kimi məsələlər artıq ayrı-ayrı ölkələrin sərhədlərini aşan ümumavropa problemlərinə çevrilib”.Deputatın fikrincə, Avropa İttifaqının gələcək sabitliyi bu problemlərin nə dərəcədə əlaqələndirilmiş və effektiv şəkildə həll olunacağından asılıdır. “Ayrı-ayrı ölkələrin hökumətləri və Avropa institutları vətəndaşların gözləntilərinə uyğun konkret nəticələr ortaya qoymasalar, siyasi etimadsızlığın daha da dərinləşməsi və Avropada siyasi parçalanmanın güclənməsi ehtimalı qalacaq. Beləliklə, Avropanın qarşısında duran əsas məsələ yalnız mövcud böhranların idarə olunması deyil, həm də iqtisadi inkişafı, sosial rifahı və siyasi sabitliyi təmin edə biləcək daha effektiv idarəetmə mexanizmlərinin formalaşdırılmasıdır”, - deyə Milli Məclisin deputatı əlavə edib.