Spontan qərarlar planlaşdırılanlardan daha çox həyata keçirilir - ARAŞDIRMA

Spontan şəkildə verilən qərarların həyata keçirilmə ehtimalı əvvəlcədən planlaşdırılan qərarlardan daha yüksəkdir. Xüsusilə özünü təşkil etməkdə çətinlik çəkən insanlar ani qərar qəbul etdikdə fiziki aktivliyə daha çox meyil göstərirlər.

Bu qənaətə Cənubi Kaliforniya Universitetinin Kek Tibb Məktəbinin alimləri və ABŞ-nin daha beş universitetindən olan tədqiqatçılar gəliblər. Araşdırmanın nəticələri “Frontiers in Digital Health” jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində 18-29 yaş arası 228 amerikalı bir il ərzində hərəkət sensoru olan ağıllı saatlardan istifadə edib. İştirakçılar hər gün orta hesabla 12 dəfə smartfon vasitəsilə qısa sorğuları cavablandırıblar. Onlardan növbəti bir saat ərzində gəzintiyə çıxmaq və ya idmanla məşğul olmaq niyyətində olub-olmadıqları soruşulub. Daha sonra verilən cavablar saatların qeydə aldığı hərəkət göstəriciləri ilə müqayisə edilib.

Nəticələr göstərib ki, növbəti saat ərzində hərəkət etməyi planlaşdıran şəxslərin fiziki aktivliyi belə niyyəti olmayanlarla müqayisədə təxminən 1,5 dəfə yüksək olub. Spontan qərarların fiziki aktivliyi proqnozlaşdırmaqda daha güclü təsirə malik olduğu müəyyən edilib.

Alimlərin ilkin fərziyyəsi özünənəzarət qabiliyyəti yüksək olan insanların niyyətlərini daha asan həyata keçirəcəyi istiqamətində olsa da, nəticələr əksini göstərib. Belə ki, özünüidarəetmə qabiliyyəti zəif olan şəxslərdə ani qərarların hərəkətə keçmək baxımından daha təsirli olduğu aşkarlanıb.

Tədqiqat müəlliflərinin fikrincə, spontan qərarlar insanın özünənəzarət imkanlarının zəiflədiyi anlarda fiziki aktivliyə başlamaq üçün alternativ yol rolunu oynaya bilər. Buna görə də mobil tətbiqlər və fiziki aktivlik izləyiciləri insanlara uzaq gələcək üçün hədəflər xatırlatmaq əvəzinə, məhz qərarsızlıq yaşadıqları anda konkret hərəkət etmək niyyəti formalaşdırmağa kömək etməlidir.