İsmayıl Kartalla yollarını ayıran "Fənərbaxça"nın yeni baş məşqçi namizədləri siyahısında Valdas Dambrauskasın da olduğunu yazmışdıq. Artıq bu barədə başqa mənbələrdə də xəbərlər tirajlanır. Hadisələrin axarının nə ilə nəticələnəcəyi ölkəmizdə də böyük maraqla gözlənilir.
İtaliyanın “TuttoMercatoWeb” nəşri də İstanbul təmsilçisinin 49 yaşlı litvalı mütəxəssislə fəal danışıqlar apardığı, onunla üçillik müqavilə imzalamaq imkanını nəzərdən keçirdiyini yazıb. "Football-plus.az" bu arada mövzu ilə bağlı Litvadakı mənbələrdən yeni informasiyalar əldə edib. Belə ki, İstanbul nəhənginin litvalı mütəxəssislə danışıq prosesinin detalları üzə çıxıb.
"Fənərbaxça" rəhbərliyi Dambrauskasdan bu mövsüm komandanın azı 2-ci yeri tutmasını tələb edir. Növbəti "futbol ili" ilə bağlı plan isə çempionluqdu. "Sabah"ın baş məşqçisi litvalı meneceri vasitəsilə qarşı tərəfə gələn ilin yanvarında komandaya gələ biləcəyini deyib.
Türkiyə klubundan böyük məbləğdə konkret maaş vədi alan çalışdırıcı transfer büdcəsi tələbi ilə yanaşı, heyətin yarısını dəyişmək istədiyini deyib.
Onu da xatırladaq ki, "Sabah" ötən ilin iyununda Dambrauskasla 3 illik müqavilə imzalayıb.