Bakı, 2 noyabr, AZƏRTAC Fransada keçirilən kütləvi etirazlar Avropanın aparıcı dövlətlərində dərinləşən sosial-iqtisadi problemlərin və hakimiyyətlərə inamın azalmasının növbəti göstəricisi oldu. Fransada etirazların üçüncü həftəsonu davam etməsi, Almaniyada isə gənclərin iri şəhərlərdə küçələrə çıxması göstərir ki, narazılıq artıq ayrı-ayrı sosial qruplarla məhdudlaşmır, daha geniş ictimai xarakter alır.Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Nicat İsmayılov deyib.Fransada “Makron rejimi”nə qarşı narazılığın getdikcə daha çox artdığını vurğulayan siyasi şərhçi bildirib: “Oktyabrın 31-də Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalarda 320 min nəfər iştirak edib. Həmkarlar ittifaqları isə iştirakçıların sayını təxminən yarım milyon nəfər qiymətləndirib. Təhsil sistemindəki problemlər, yaşayış xərclərinin artması və sosial bərabərsizlik etirazların əsas səbəbləri sırasındadır. Emmanuel Makronun prezidentliyi dövründə Fransa cəmiyyəti pensiya islahatlarından tutmuş yaşayış xərcləri və sosial siyasətə qədər bir sıra mübahisəli məsələlər ətrafında kəskin siyasi qarşıdurmalar yaşayıb. Hazırkı etirazlar da hakimiyyətin vətəndaşların gündəlik problemlərinə adekvat cavab vermək qabiliyyətinin sorğulandığını göstərir. Hakimiyyətin genişmiqyaslı təhlükəsizlik tədbirlərinə əl atması və aksiyaların bəzi məntəqələrində polis müdaxilələrinin baş verməsi isə siyasi dialoqla ictimai asayiş arasında tarazlığın qorunması məsələsini yenidən gündəmə gətirir”.Almaniyadakı etirazlara da toxunan N.İsmayılov qeyd edib: “Z nəsil” gənclər təşəbbüsünün təşkilatçılarının məlumatına görə, oktyabrın 31-də 34 şəhərdə keçirilən aksiyalara 120 min nəfər qatılıb. Etirazçılar təhsilə daha çox vəsait ayrılmasını, yaşayış xərclərinin azaldılmasını, iqlim siyasətinin gücləndirilməsini tələb ediblər və məcburi hərbi xidmətin mümkün qaytarılmasına qarşı çıxıblar. Bəzi şəhərlərdə qarşıdurmalar və polis müdaxilələri də qeydə alınıb”. Siyasi şərhçi hesab edir ki, bu proseslərin arxasında daha geniş Avropa problemləri dayanır. Bahalaşma, mənzil təminatının çətinləşməsi, enerji xərcləri, təhsil və səhiyyə sistemlərinin maliyyələşdirilməsi, miqrasiya və inteqrasiya ilə bağlı mübahisələr cəmiyyətlərdə narazılığı artıran amillərdir. Vətəndaşlar hökumətlərdən yalnız vədlər deyil, həyat şəraitində real yaxşılaşma tələb edirlər. İqtisadi və sosial siyasət gözləntiləri doğrulmadığına görə, narazılıq gəncləri, həmkarlar ittifaqlarını və müxtəlif ictimai qrupları vahid etiraz platformasında birləşdirib.“Fransadakı və Almaniyadakı hadisələrin əsas siyasi mesajı budur: iqtisadi güc və beynəlxalq nüfuz daxili sosial problemlərin həllini əvəz etmir. Hakimiyyətlərin legitimliyi və ictimai etimad vətəndaşların rifahı, sosial ədalət və problemlərə verilən praktik cavablarla möhkəmlənir. Fransada Makron hakimiyyətinə qarşı sərt şüarların genişlənməsi, Almaniyada isə gənclərin gələcəklə bağlı tələblərini kütləvi şəkildə ifadə etməsi Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır. Bununla belə, etirazların miqyası öz-özlüyündə diktatura və ya rejimin süqutu barədə hüquqi-siyasi nəticə çıxarmağa əsas vermir. Əsas məsələ hökumətlərin artan narazılığa necə cavab verəcəyidir. Əgər sosial problemlər sistemli şəkildə həll olunmasa və siyasi dialoq zəifləsə, bugünkü aksiyalar gələcəkdə daha dərin ictimai və siyasi böhranlara zəmin yaradacaq” , - deyə Nicat İsmayılov vurğulayıb.