Pentaqon hərbi variantları müzakirə edir: Tehrandan sərt reaksiya

ABŞ və İran arasında hərbi qarşıdurmanın yenidən alovlanması ehtimalı ilə bağlı narahatlıqlar artır. Tərəflərin qarşılıqlı xəbərdarlıqları fonunda Tehran həm diplomatik danışıqlara açıq olduğunu bildirir, həm də mümkün hərbi ssenarilərə hazırlaşdığını nümayiş etdirir. İranın xarici işlər naziri Abbas Əraqçinin Vaşinqtonun diplomatiyaya üstünlük verəcəyinə ümid etdiklərini, lakin hərbi variant da daxil olmaqla bütün ssenarilərə hazır olduqlarını açıqlaması bölgədəki vəziyyətlə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Bəs bu açıqlamanın əsas məqsədi nədən ibarətdir?

Politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlamasında bildirib ki, hazırda həm Vaşinqton, həm də Tehran qarşılıqlı hərbi təhdidlər səsləndirir və bu, bölgədə yeni qarşıdurma ehtimalını artırır.

Onun sözlərinə görə, ABŞ-dən gələn açıqlamalar İrana qarşı yaxın dövrdə daha genişmiqyaslı hərbi əməliyyatların başlaya biləcəyi ilə bağlı narahatlıq yaradır:

“Tehran isə bu təhdidlərə cavab olaraq mümkün hücuma qarşılıq verəcəyini bəyan edib. İranın hərbi qüvvələrinin əvvəlki müharibələrlə müqayisədə gücləndiyini vurğulaması da Vaşinqtona ünvanlanan xəbərdarlıq xarakteri daşıyır”.

Politoloq qeyd edib ki, İran hərbi hazırlığını nümayiş etdirsə də, diplomatik danışıqların davam etdirilməsində maraqlıdır. Bildirib ki, ABŞ administrasiyasının mövqeyi və Pentaqonda hərbi variantların müzakirə edilməsi bölgədə gərginliyin daha da artması ehtimalını gündəmdə saxlayır:

“ABŞ-də keçiriləcək aralıq seçkilərindən sonra Yaxın Şərqdə vəziyyət daha da mürəkkəbləşə bilər. Vaşinqton qarşıya qoyduğu hədəflərə nail olmaq üçün hərbi vasitələrə yenidən müraciət edə bilər. Belə bir ssenari isə təkcə İran və ABŞ üçün deyil, bütövlükdə region ölkələri üçün ciddi təhlükələr yarada bilər”.

Politoloqun qənaətinə görə, qarşılıqlı təhdidlər mümkün hərbi eskalasiyanın əlamətlərindən biri kimi qiymətləndirilə bilər: "Bu baxımdan, İranın qonşu ölkələrində də təhlükəsizlik məsələləri və mümkün regional nəticələrlə bağlı narahatlıqların artması istisna deyil".