Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI

"225 nömrəli məktəbdə 7-ci sinif şagirdinin 4-cü mərtəbədən yıxılması hər bir valideynin, hər bir müəllimin ürəyini ağrıdan faciədir. Əvvəlcə dünyasını dəyişən qızımızın ailəsinə və yaxınlarına başsağlığı verirəm. Hadisənin səbəbi araşdırılır və bu araşdırmanın nəticəsini gözləmək lazımdır. Amma birmənalı şəkildə məktəb uşaq üçün ən təhlükəsiz yer olmalıdır. Uşaq səhər evdən çıxanda valideyn əmin olmalıdır ki, övladı axşam sağ-salamat evə qayıdacaq. Bu etimad sarsılanda cəmiyyətin bütün təhsil sisteminə inamı zədələnir".

Bunu açıqlamasında Əməkdar müəllim Sona Əliyeva bildirdi.

Onun sözlərinə görə, belə hadisələrin qarşısını almaq üçün bir neçə istiqamətdə iş aparılmalıdır:

"Birincisi, risk qrupundakı uşaqların vaxtında müəyyən edilməsi. Valideynini itirmiş, ailəsində ağır itki yaşamış, himayədə böyüyən uşaqlar xüsusi diqqət tələb edir. Belə uşaqlar sinif rəhbəri və psixoloqun daimi nəzarətində olmalı, onlarla fərdi iş aparılmalıdır. İkincisi, fiziki təhlükəsizlik. Məktəb binalarında uşaqların həyatını riskə ata biləcək bütün məqamlar yoxlanılmalı, təhlükəsizlik standartları gücləndirilməlidir. Üçüncüsü, hadisədən sonra şagirdlərə və müəllimlərə psixoloji dəstək. Bu dəfə psixoloqların məktəbə cəlb olunması düzgün addımdır, çünki belə faciə sinif yoldaşlarında ağır emosional iz buraxır".

Müsahibimiz məktəb psixoloqlarının öz vəzifələrini layiqincə yerinə yetirə bilməsindən də danışdı:

"Açıq desək, onlar çox vaxt öz işlərini yerinə yetirə bilmirlər. Amma bunun günahı tək psixoloqda deyil, sistemdədir. Mövcud normaya görə, min şagirdə qədər olan məktəbdə bir, üç minə qədər olan məktəbdə iki psixoloq çalışır. Beynəlxalq tövsiyə isə hər 500 şagirdə bir psixoloqdur. Yəni, bizim böyük məktəblərdə bir psixoloq min beş yüz uşağa cavabdeh ola bilir. Belə yüklə o, hər uşağın gözündəki kədəri görə bilməz. Üstəlik, bəzi məktəblərdə psixoloq vəzifəsinə ixtisası uyğun olmayan şəxslər təyin olunur, psixoloqun ayrıca otağı belə olmur".

S.Əliyeva hesab edir ki, istənilən halda, bu faciədən sonra məsələ qınaq axtarmaq deyil, sistemi dəyişmək olmalıdır:

"Psixoloqların sayı artırılmalı, onların ixtisas səviyyəsi yoxlanılmalı, inzibati işlərdən azad edilməlidirlər. Hər məktəbdə çətin vəziyyətdə olan uşaqların siyahısı aparılmalı və onlarla mütəmadi iş qurulmalıdır. Deməli, məktəb uşağa yalnız bilik verən yer deyil, onun ruhunu da qoruyan məkan olmalıdır. Hər uşağın ehtiyac duyduğu anda yanında onu dinləyən bir böyük olmalıdır".