Azərbaycan bitki və heyvan mənşəli piy-yağ ixracından gəlirini 32 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 26,4 milyon ABŞ dolları dəyərində 16,9 min ton bitki və heyvan mənşəli piy və yağ ixrac edib.

Dövlət Gömrük Komitəsinə istinadən, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 31,5 %, həcmi isə 28,9 % artıb.

Hesabat dövründə bitki və heyvan mənşəli piylər və yağların ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1 %-ni təşkil edib.

9 ayda Azərbaycan həmçinin 223,6 milyon ABŞ dolları dəyərində 139,4 min ton bitki və heyvan mənşəli piy və yağ idxal edib.

Bunlar isə, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 27,7 %, həcm baxımından isə 21,1 % çoxdur.

Hesabat dövründə bitki və heyvan mənşəli piylər və yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,6 %-ni təşkil edib.

9 ayda Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu ötən ilin eyni dövrünə nisbətən 5,2 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,3 % artıb, idxal isə 20,4 % azalıb. Son nəticədə xarici ticarətdə 10 milyard 519 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,7 dəfə çoxdur.