Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Güclü cəmiyyətin zərif simaları” layihəsinin yekun konfransı keçirilib.
Konfransda çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin Təlim, İnkişaf və İnnovasiya şöbəsinin müdiri Pərvanə Hacıyeva qızların və qadınların bilik və bacarıqlarının artırılması, şəxsi və peşəkar inkişafının dəstəklənməsi, gender bərabərliyinin təşviqi istiqamətində həyata keçirilən layihələrdən danışıb.
O bildirib ki, görüşlər zamanı iştirakçılarla bir araya gələn qadınlar şəxsi və peşəkar inkişaf, qarşıya çıxan çətinliklərin aradan qaldırılması, eləcə də yeni imkanların dəyərləndirilməsi ilə bağlı öz fikir və təcrübələrini bölüşüblər.
"Eyni zamanda, gənclərin məşğulluğu, sosial layihələr və şəffaflığın təmin olunması istiqamətində də müzakirələr aparılıb. Görüşlər iştirakçıların məlumatlılığının artırılması, onların yeni bilik və təcrübə əldə etməsi, eləcə də gələcək inkişaf imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyıb”, - P. Hacıyeva vurğulayıb.
Tədbirdə bildirilib ki, layihə çərçivəsində respublikanın müxtəlif şəhər və rayonlarda yaşayan qızlar və qadınlarla öz sahəsində uğur qazanmış qadınların görüşləri təşkil olunub. TEDx formatında keçirilən görüşlərdə ekspertlər həyat və peşəkar təcrübələrini bölüşüb, iştirakçıların suallarını cavablandırıblar.
Konfransda layihə haqqında film nümayiş etdirilib, eləcə də həyata keçirilən fəaliyyət və əldə olunan nəticələr barədə məlumat verilib.
Konfrans çərçivəsində layihənin ekspertləri mükafatlandırılıb. Tədbir bədii proqramla davam edib.
Qeyd edilib ki, 2024-cü ildən həyata keçirilən layihənin məqsədi qızların və qadınların bilik və bacarıqlarını, liderlik keyfiyyətlərini və özünəinamını inkişaf etdirmək, onların cəmiyyət həyatında fəal iştirakını dəstəkləməkdir.