Bu gün Azərbaycanın Əməkdar artisti, tanınmış diktor, teleaparıcısı və jurnalist Nailə İslamzadənin doğum günüdür.
Onun 65 yaşı tamam olub.
Nailə İslamzadə 1961-ci il noyabrın 2-də Balakəndə doğulub.
Dörd qardaşın yeganə bacısı və ailənin sonbeşiyi olan N.İslamzadənin uşaqlıq arzusu müəllim olmaq olub. Lakin tələbəlik illərində rəfiqələrinin təkidi ilə diktorluq müsabiqəsinə qatılması onun həyat yolunu dəyişib. Təxminən 300 namizədin iştirak etdiyi seçimdən uğurla keçərək televiziya fəaliyyətinə başlayıb.
19 fevral 1983-cü ildə ilk dəfə efirə çıxıb. İlk təqdim etdiyi proqramlar arasında “Zəngli saat” və “Sovet İttifaqına xidmət edirəm” olub. Həmin vaxt baş diktor Rafiq Hüseynov onu təbrik edərək bütün Azərbaycanın artıq onu tanıdığını deyib.
1982-2006-cı illərdə Azərbaycan Dövlət Televiziyasında diktor, aparıcı və jurnalist kimi çalışan Nailə İslamzadə dövlət bayramlarına, rəsmi tədbirlərə həsr olunan canlı verilişlərin və “Xəbərlər” proqramının əsas aparıcılarından biri olub.
Onun televiziya fəaliyyətində xüsusi yer tutan layihələrdən biri isə “Ailələr, talelər” verilişidir. Təxminən 10 il ərzində müəllifi və aparıcısı olduğu proqram Azərbaycan televiziyasında bu janrda ilk tok-şoulardan biri kimi ailələrin mənəvi, sosial və hüquqi problemlərini gündəmə gətirib. Veriliş geniş tamaşaçı rəğbəti qazanmaqla yanaşı, cəmiyyətdə maarifləndirici rol oynayıb.
Nailə İslamzadə 2011-ci ildə Türkiyənin TRT AVAZ kanalının dəvəti ilə “İş'te kadın” proqramının müəllifi və aparıcısı olub.
2007-2016-cı illərdə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində çalışaraq, nazirliyin mühüm layihələrinə həsr olunan filmlərin ssenarilərini yazaraq hazırlayıb.
2014-cü ildən “Kulturaplus” internet televiziyasına rəhbərlik edən Nailə İslamzadə Azərbaycan tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri və görkəmli şəxsiyyətləri haqqında sənədli və publisistik filmlərin hazırlanmasına rəhbərlik edib. Onun rəhbərliyi ilə ərsəyə gələn “Bakıda messa keçirilə bilər”, “Fitnə”, “Şəhadət”, “Vəhdət” və “Əbədi Maqsud” filmləri bu layihələr sırasındadır.
2019-cu ildən İctimai Televiziyada yayımlanan “Ötən günlər” verilişinin aparıcısı olub. 1998-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.
N.İslamzadənin sözlərinə görə, uzun illər insanlar onu müğənni Akif İslamzadənin həyat yoldaşı hesab ediblər. Hətta A.İslamzadənin xanımının adının da Nailə olması bu qarışıqlığı artırıb. O, efirə əvvəlcə Nailə Uluxanova soyadı ilə çıxıb.
O, həmçinin çətin psixoloji dövrdə özünü musiqiyə yönəldərək piano öyrənməyə başlayıb. Nailə xanım boş vaxtlarında səsli kitabları və Quran dinləyir. Formasını daim nəzarətdə saxlayan diktorun sözlərinə görə, gün ərzində Bulvarda 5,6 km yol gedir.