İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaratdığı elektron qeydiyyat sistemi vasitəsilə daha bir xarici rəqəmsal xidmət təchizatçısını vergi uçotuna alıb.
Bu barədə quruma istinadən xəbər verilir.
Məlumata görə, bu, İsrailin "Appcharge Ltd." şirkətidir. Onun ƏDV məqsədləri üçün qeydiyyatı noyabrın 1-dən qüvvəyə minib.
Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarına edilən ödənişlər üzrə ƏDV-ni banklar tutmur. Bu şirkətlər ƏDV-ni özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.
Beynəlxalq rəqəmsal xidmət təchizatçılarının elektron qeydiyyat sisteminə qoşulması yeni vergi mexanizminin tətbiqində əldə olunan mühüm nəticələrdəndir. Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatda müasir vergi inzibatçılığının və şəffaf biznes mühitinin inkişafı istiqamətində fəaliyyətini davam etdirir. Hazırda Azərbaycanda ƏDV qeydiyyatına alınmış rəqəmsal xidmət təchizatçılarının sayı 24-ə çatıb. Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarının siyahısı ilə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür.