Bakı, 2 noyabr, AZƏRTAC Azərbaycan tarixinin müxtəlif dövrləri ölkəmizin əlverişli strateji-coğrafi mövqeyi ilə əlaqədar müharibələr, mübarizələr və dövlətçilik uğrunda aparılan mücadilələrlə zəngindir. Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətlərinin tarixindən bəhs edən dərslər şagirdlərdə tarixi biliklərin və təsəvvürlərin formalaşmasına xidmət edir. Lakin 44 günlük Vətən müharibəsi və qazanılan tarixi Zəfər müasir nəslin yaddaşında xüsusi yer tutur. Çünki bu dəfə şagirdlər tarixi hadisələri yalnız dərsliklərdən oxumayıb, həm də onların canlı şahidi olublar.Bu fikirləri AZƏRTAC-a müsahibəsində Abdulla Rəhimov adına 247 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Günay Allahverdiyeva söyləyib. O bildirib ki, 44 günlük Vətən müharibəsi və onun Zəfərlə başa çatması şagirdlərin tarixi hadisələrə münasibətində yeni mərhələ yaradıb: “Müasir nəsil bu tarixi yalnız eşitməyib, oxumayıb, həm də yaşayıb. Onlar işğal altında olan ərazilərimizin azad olunması arzusunun gerçəkləşməsini, Ali Baş Komandanın müraciətlərini və xalqımızın birliyini öz gözləri ilə görüblər. Üstəlik, onların birinin əmisi, digərinin dayısı, böyük qardaşı və ya qonşusu Vətən müharibəsinin iştirakçısı olub. Buna görə də Zəfər tarixi onlar üçün sadəcə dərslik mövzusu deyil, şəxsi xatirələr, qürur və mübarizə əzmi ilə bağlı mənəvi dəyərdir”.Müəllim qeyd edib ki, Zəfər tarixi dərsliyinin tədris olunması bu baxımdan mühüm və mütərəqqi addımdır. Xüsusilə IX sinif şagirdlərinin həmin mövzuları mənimsəməsi onların tarixi hadisələri daha dərindən dərk etməsinə, milli yaddaşın və vətənpərvərlik hisslərinin möhkəmlənməsinə imkan yaradır. Bununla belə, vətənpərvərlik tərbiyəsi yalnız dərsliklərdəki mövzuların tədrisi ilə məhdudlaşmamalı, şagirdlərin düşüncəsində və davranışında da öz əksini tapmalıdır.O qeyd edib ki, məktəbdə Zəfər tarixi ilə bağlı müxtəlif layihələr və maarifləndirici tədbirlər həyata keçirilir. Bu tədbirlər şagirdlərin həm biliklərinin artırılmasına, həm də milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsinə xidmət edir. O diqqətə çatdırıb ki, məktəbdə yaradılan Zəfər muzeyi guşəsi də bu istiqamətdə mühüm əhəmiyyət daşıyır. Burada V sinifdən başlayaraq şagirdlərə Azərbaycan hərb tarixinin görkəmli generalları haqqında məlumat verilir, canlı dərslər təşkil olunur. Eyni zamanda, guşədə Azərbaycan əsgərinin qəhrəmanlığını, şəhidlərin xatirəsini və Vətən müharibəsinin tarixi əhəmiyyətini əks etdirən materiallar nümayiş etdirilir.Məktəbdə həyata keçirilən layihələrdən biri də əsgərlərə və şəhid ailələrinə ünvanlanan məktublarla bağlıdır. Sentyabrın 27-dən etibarən bu istiqamətdə mütəmadi fəaliyyət göstərilir. Ədəbiyyat müəllimlərinin təşəbbüsü ilə şagirdlər əsgərlərə, eləcə də onların analarına məktublar yazır, həmin məktublar müvafiq layihə çərçivəsində ünvanlarına çatdırılır. O, gənc müəllimlərə də tövsiyələrini verərək bildirib ki, vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz hissəsi olmalıdır: “Vətənini tanımayan, onun qəhrəmanlarını, əsgərinin fədakarlığını bilməyən gəncdə Vətən sevgisini formalaşdırmaq çətindir. Hər bir müəllim çalışmalıdır ki, şagirdlərimiz yalnız tariximizi öyrənməsinlər, həm də bu tarixə sahib çıxmağın məsuliyyətini dərk etsinlər”. Müxbir - Nərmin Muradzadə Fotoqraf - Tofiq Babayev Videooperator - Mir Rəsul Cəfərov