Bakının Yasamal rayonunda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində qida təhlükəsizliyi tələblərinin pozulması halları aşkarlanıb.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Məlumata görə, Agentliyin əməkdaşları Yasamal rayonu, 7-ci Sallaqxana küçəsi, 7A ünvanında fiziki şəxs Cavadlı Cəfər Zabit oğluna məxsus çörək emalı müəssisəsində plandankənar yoxlama keçiriblər.
Yoxlama zamanı müəssisənin müvafiq qeydiyyatdan keçmədən və antisanitar şəraitdə fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin istehsal prosesində texnoloji ardıcıllıq prinsiplərinə əməl olunmadığı, istehlak üçün nəzərdə tutulan çörəklərin polimer qablaşdırmalarda antisanitar vəziyyətdə saxlanıldığı aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla bağlı inzibati protokol tərtib olunub. Pozuntular aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.