“Ermənistan hökuməti artıq “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsinə başlayıb”.
Bunu ölkənin Baş naziri Nikol Paşinyan bu gün parlamentin daimi komitələrinin birgə iclasında deyib.
O bildirib ki, Ermənistan hökuməti, sonrakı proseslər təşkil olunmazdan əvvəl belə, öz təşəbbüsü ilə TRIPP layihəsi çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik xətlərində layihələndirmə işlərinə başlayacaq:
“Biz vaxt itirmək istəmirik. TRIPP inkişaf şirkəti yaradılan kimi Ermənistan hökuməti tamamlanmış işləri ona təhvil verəcək”.
Baş nazir vurğulayıb ki, bu layihə sayəsində Ermənistan 30 ildən çoxdur davam təcridi aradan qaldıracaq:
“TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində Ermənistanın bütün istiqamətlərdə - həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətində maneələri aradan qaldıracağı dəqiq və birmənalıdır. Lakin bütün bu istiqamətlərdə maneələrin aradan qaldırılması bütün infrastrukturun TRIPP layihəsinin bir hissəsi olacağı anlamına gəlmir. TRIPP layihəsinə Nrnadzor-Karçevan dəmir yolu, eləcə də elektrik xətləri və avtomobil yolu daxil olacaq. Qaz və neft boru kəmərləri məsələləri daha sonra müzakirə olunacaq”.