Koçaryan azadlığı çıxsa müxalifət Konstitusiyanı dəstəkləyəcək?

Ermənistan parlamentinin müxalif “Hayastan” fraksiyasının deputatı Geqam Manukyan sabiq prezident Robert Koçaryanın azadlığı müqabilində yeni Konstitusiyanı dəstəkləyib-dəstəkləməyəcəyi barədə suala cavab verib.

Manukyan jurnalistlərə açıqlamasında Koçaryanın milli məsələlərdə güzəştə getmədiyini bildirib.

“Robert Koçaryan milli məsələlər və vəzifələrlə bağlı prinsipialdır, güzəştə getmir”, – deputat deyib.

Manukyan baş nazir Nikol Paşinyanın müxalifətə mümkün təzyiqlə bağlı bugünkü bəyanatında cinayət əməlinin əlamətlərini gördüyünü də bildirib.

Qeyd edək ki, Paşinyan parlamentdə çıxışı zamanı İrəvanın yaxın günlərdə yeni Konstitusiyanın Azərbaycanla tam və hərtərəfli sülh üçün yetərli olub-olmayacağına cavab almağa çalışacağını deyib.

Baş nazir müsbət cavab alınacağı təqdirdə müxalifətin yeni Konstitusiyanın qəbulu prosesini dəstəkləyəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, müxalifət prosesə mane olarsa, ona qarşı ictimai təzyiq formalaşacaq və belə ictimai əhvali-ruhiyyə yaranacağı halda hakim çoxluq bu təzyiqə rəhbərlik etməlidir.