Qara dənizdə SOCAR-la rəqabətdə uduzan "Black Sea Petroleum" terminalına Türkiyə xarici işlər naziri Hakan Fidandan "dəstək" gəlib. Rusiya neftini satdığı və emal etdiyi üçün "Black Sea Petroleum" Avropa İttifaqının (Aİ) sanksiyaları ilə üzləşib. "Black Sea Petroleum"u Aİ-nin sanksiyalarından xilas etmək üçün H.Fidanın tövsiyəsi ilə şirkət Rusiya neftindən imtina edərək üzünü Liviyaya çevirib.
Gürcüstanın Qara dəniz sahilində ənənəvi və ən böyük neft terminalı SOCAR-a məxsusdur.
Kulevidə 2008-ci ildən fəaliyyət göstərən SOCAR-ın neft terminalı ildə 10 milyon ton nefti yükləməyə və 402,000 m³ həcmdə nefti saxlamağa qadirdir. Yeni sərmayələrlə terminalın saxlanc imkanları daha 80 min m³ artırılacaq. Bu məqsədlə hər biri 20 min m³ olan 4 çən inşa olunacaq. Bundan başqa terminalda dəmir yolu estakadası da inşa ediləcək. Yeni sərmayələrdən sonra SOCAR-ın Kulevidəki terminalı daha da böyüyəcək və Qara dənizdə ən böyük terminal statusuna sahib olacaq.
Hazırda SOCAR-ın terminalına rəqib terminal yaradılıb. Adını çəkdiyimiz "Black Sea Petroleum" terminalı Kulevinin yaxınlığında, Xobi rayonunda inşa edilib. Bu müəssisə ilk tam tsiklli neft emalı zavodudur. Həmin zavodun birinci fazası 2025-ci ildə açılıb. Müəssisə ildə 1,2 milyon ton neft emal etmək qabiliyyətinə sahibdir. Amma plana görə genişləndirmədən sonra illik emal gücü 4 - 4,5 milyon tona çatdırılacaq.
Plana uyğun olaraq "Black Sea Petroleum" terminalının yaradılmasına və genişləndirilməsinə 600-800 milyon dollar investisiya qoyulması nəzərdə tutulub. Müəssisənin sahibi isə Gürcüstanın tanınmış, zəngin və nüfuzlu qadın sahibkarlarından biri olan Maka Asatianidir.
"Black Sea Petroleum" terminalına ilk xam neft Rusiyanın "RussNeft" şirkətindən alınıb. 2025-ci il oktyabrından 6 tanker neft terminala çatdırılıb.
Terminal Rusiya neftini emal etdiyi üçün Aİ-nin sanksiyaları ilə üzləşib. Aİ 2026-cı ilin fevralında 20-ci sanksiya paketinə bu terminalın da salınacağını bildirib. 23 iyul 2026-da qəbul edilən 21-ci sanksiya paketində isə artıq emal zavodu sanksiya ilə üzləşib. Qərara əsasən, 25 yanvar 2027-ci ildən sanksiyalar qüvvəyə minir. Səbəb qeyd etdiyimiz kimi, onun Rusiya neftinin daşınması üçün istifadə edilməsi və dolayısı ilə Rusiyanın sanksiyalardan yayınmasına kömək etməsidir.
"Black Sea Petroleum" sanksiyalardan qaçmaq üçün 2026-cı ilin avqust-sentyabr aylarından Rusiya neftindən tam imtina edib. Şirkət neftə olan tələbatını Liviya nefti ilə ödəyir.
Məsələnin maraqlı olan tərəfi odur ki, Liviya neftinin arxasında duran isim H.Fidandır. H.Fidanın köməyi olmasaydı, "Black Sea Petroleum" xam neft ala bilməyəcəkdi və nəticədə terminal fəaliyyətini dayandıracaqdı.
Türkiyə həm Tripolidəki rəsmi hökumətlə, həm də ölkənin şərqindəki qüvvələrlə qurduğu hərbi-strateji balans vasitəsilə Liviyanın neft resursları və logistik marşrutları üzərində ciddi söz sahibidir. H.Fidanın davam etdirdiyi Liviya diplomatiyası, Şimali Afrika neftinin Aralıq dənizi və Qara dəniz hövzələrinə təhlükəsiz çıxışını təmin edən əsas amildir.
Əgər bu həqiqətən belədirsə belə çıxır ki, Hakan Fidan şəxsi maraqlar naminə qardaş ölkə olan Azərbaycanın maraqlarını qurban verir.