Dünyanın aparıcı aviaşirkətləri təyyarələrdə ekonom-sinif oturacaqlarının sayını azaldaraq daha bahalı xidmət kateqoriyalarına üstünlük verməyə başlayıblar. Bu dəyişikliklər gələcəkdə ucuz aviabiletlərin tapılmasını çətinləşdirə və uçuş qiymətlərinə təsir göstərə bilər.
Xarici mediaya istinadla, aviaşirkətlər gəlirlərini artırmaq məqsədilə sərnişin salonlarının yenilənməsinə və lüks xidmətlərin genişləndirilməsinə milyardlarla vəsait yatırırlar.
Əsas məqsəd təyyarədə daha çox sərnişin daşımaq deyil, yüksək komfort üçün əlavə ödəniş etməyə hazır olan sərnişinlərdən daha çox gəlir əldə etməkdir.
British Airways ucuz yerlərin sayını azaldır
Britaniyanın British Airways aviaşirkəti Airbus A380 təyyarələrində böyük dəyişikliklər etməyə hazırlaşır. Şirkət ikimərtəbəli təyyarənin yuxarı mərtəbəsini tamamilə biznes-sinf sərnişinlərinə ayırmağı planlaşdırır.
Burada 106 fərdi lüks bölmə yaradılacaq. Modernləşdirmədən sonra təyyarədə ümumilikdə 417 sərnişin yeri olacaq. Bunlardan 12-si birinci sinfə, 106-sı biznes-sinfə, 84-ü premium-ekonom, 215-i isə adi ekonom-sinfə aid ediləcək.
Beləliklə, təyyarədəki yerlərin təxminən yarısı daha bahalı xidmət kateqoriyalarına məxsus olacaq.
Yenilənmə zamanı hər təyyarədə 35 mindən çox komponent, o cümlədən əyləncə sistemləri, mətbəx avadanlıqları və salonun daxili elementləri dəyişdiriləcək.
Air France lüks uçuşlara milyardlarla avro yatırır
Fransanın Air France aviaşirkəti isə birinci sinifdə səyahəti şəxsi təyyarə komfortuna yaxınlaşdırmaq istəyir.
Şirkətin La Première xidmətindən istifadə edən sərnişinlər Parisin Şarl de Qoll hava limanında xüsusi girişdən, lüks gözləmə zalından və SPA xidmətlərindən yararlana bilirlər.
Onlar təyyarəyə Porsche Cayenne avtomobili ilə çatdırılır. Təyyarədə isə fərdi bölmələr, xüsusi yuxu geyimləri və Mişlen ulduzlu aşpazların hazırladığı yeməklər təqdim olunur.
Paris–Nyu-York marşrutu üzrə birinci sinifdə gediş-dönüş biletinin qiyməti təxminən 14 min dollara çata bilər.
Air France beş il ərzində sərnişin salonlarının, hava limanı gözləmə zallarının və rəqəmsal xidmətlərin yenilənməsinə təxminən bir milyard avro yatırmağı planlaşdırır.
Büdcə aviaşirkətləri də əlavə ödənişlərə üstünlük verir
Dəyişikliklər yalnız iri aviaşirkətlərlə məhdudlaşmır. ABŞ-ın Southwest, Frontier, JetBlue və Allegiant kimi büdcə aviadaşıyıcıları da sərnişinlərə əlavə ödəniş müqabilində daha rahat oturacaqlar və geniş ayaq yeri təklif edirlər.
Bu isə ucuz uçuşlar təklif edən şirkətlərlə ənənəvi aviaşirkətlər arasındakı fərqi tədricən azaldır.
Emirates də təyyarələrdə yerlərin sayını azaldır
Birləşmiş Ərəb Əmirliklərinin Emirates aviaşirkəti də Airbus A380 təyyarələrinin bir hissəsində dəyişikliklər edir.
Bəzi təyyarələrdə ümumi sərnişin yerlərinin sayı 615-dən 569-a endiriləcək. Adi ekonom-sinif oturacaqlarının bir hissəsi 56 premium-ekonom oturacağı ilə əvəz olunacaq.
Bu sinifdə sərnişinlərə daha geniş şəxsi sahə və əlavə rahatlıq təklif edilir.
Ucuz aviabiletlərin qiyməti niyə arta bilər?
Aviaşirkətlərin bu qərarlarının arxasında iqtisadi səbəblər dayanır. Yanacağın bahalaşması, təyyarələrin istismar xərclərinin artması və sərnişin daşımalarının artım tempinin zəifləməsi şirkətləri əlavə gəlir mənbələri axtarmağa məcbur edir.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının iyun proqnozuna əsasən, 2026-cı ildə sərnişin daşımalarında artımın 2,1 faiz təşkil edəcəyi gözlənilir. Əvvəlki ildə bu göstərici 5,3 faiz olub.
Eyni zamanda, aviasiya yanacağının qiymətinin ilin əvvəlindən iki dəfədən çox artdığı bildirilir. Yanacaq xərcləri aviaşirkətlərin ümumi xərclərinin 30–40 faizini təşkil edir.
Ekspertlərin fikrincə, ekonom-sinif oturacaqlarının azalması xüsusilə populyar istiqamətlərdə ucuz biletlərin daha tez tükənməsinə səbəb ola bilər.
Lakin bu, bütün aviabiletlərin mütləq bahalaşacağı demək deyil. Qiymətlər aviaşirkətlər arasındakı rəqabətdən, mövsümdən və sərnişin tələbatından asılı olacaq.
Aviasiya analitiki Con Striklend xəbərdarlıq edib ki, bahalı oturacaqlara üstünlük verilməsi iqtisadi böhran zamanı şirkətlərin özləri üçün də risk yarada bilər. Premium biletlərə tələbat azalarsa, aviaşirkətlər yüksək qiymətli salonların kifayət qədər dolmaması problemi ilə üzləşə bilərlər.
Beləliklə, dünya aviasiyasında baş verən dəyişikliklər yaxın illərdə həm uçuş qiymətlərinə, həm də sərnişinlərin bilet seçimlərinə təsir göstərə bilər.